Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bir vaxtlar araşdırmaları ilə diqqət mərkəzində olan və fikirləri ciddi polemikaya səbəb….
Bir vaxtlar araşdırmaları ilə diqqət mərkəzində olan və fikirləri ciddi polemikaya səbəb olan Fəridə Məmmədova kimdir və tarix elminə hansı töhfələr verib? Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-ci ildə Əli Bayramlı şəhərində (indiki Şirvan) doğulub. 1955-1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil alıb. 1960-cı ildən AMEA-nın Tarix İnstitutunda işləyib, 2002-ci ildən Azərbaycanın tarixi coğrafiyası şöbəsinin müdiri olub.
1962-1969-cu illərdə Leninqradda SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və aspirant olub. Qədim fars (mixi yazı), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcü dillərini öyrənib. O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” mövzusunda tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru və sonra həqiqi üzvü, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. İlk dəfə Albaniyada feodalizmin genezisini tədqiq edib, feodalizm təsisatları haqqında təsəvvürləri bərpa edərək erkən orta əsrlər dövründə Albaniyada ibtidai icma quruluşunun mövcudluğu haqqında elmdə hökm sürən rəyin yanlış və əsassız olduğunu sübut edib. Albaniyanın e.
ə. IV əsrindən e. VII əsri daxil olmaqla dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilər sülaləsinin və onları əvəz etmiş büyük knyazlar – Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb.
Albaniyada xristianlığın erkən yayılması səbəblərini, Alban kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarib. Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirib. 1988-1989-cu illərdə ilk dəfə Qarabağ problemini tədqiq edib, xaricdə və Azərbaycanda ermənilərin elmi təcavüzkarlığını sübuta yetirib. Erməni tarixi coğrafiyasını tədqiq edərək, ermənilərin yalnız iki dəfə, Qafqaz hüdudlarından kənarda, Kiçik Asiyanın iki müxtəlif yerində dövlət qurumunun yaranmasını üzə çıxarıb.
2005-ci ildə nəşr edilmiş “Qafqaz Albaniyası və albanlar” adlanan monoqrafiyasında Qafqaz Albaniyası tarixinin bütün cəhətlərini üzə çıxarib, IX–XIX əsrlərin son dövr albanlarının tarixini işıqlandırıb. Əsərdə VIII–IX və XIX əsrdə albanların İslamı qəbul etməsi, daha sonra türkləşməsi prosesi izlənir. Nəşrdə gürcü və erməni tarixşünasları tərəfindən zəbt edilmiş qüdrətli alban etnomədəni layı Azərbaycan tarix elminə qaytarılır.
Monoqrafiya Qafqazda XIX əsrə qədər ermənilərin həm ərazi, həm etnik, həm də siyasi və mədəni cəhətdən yoxluğunu sübut edən yeni müddəadır. 1978-ci ildə Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedaqoji İnstitutu (Azərbaycan Dövlət Pedaqoji Universiteti), 1997-1998-ci illərdə Xəzər Universitetinin tarix müəllimi, 1998-ci ildə Qərb Universitetində Politologiya kafedrasının professor, 1998-2001-ci illərdə orada Humanitar fənlər kafedrasının müdiri vəzifəsində işləyib. 2006-2018 illərdə Milli Aviasiya Akademiyasının İctimai elmlər kafedrasının müdiri olub. Alim 6 monoqrafiya və 120 məqalənin müəllifi idi.“Azərbaycanın tarixi coğrafiyası” kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olmuşdur. 7 cildlik “Azərbaycan tarixinin” ikinci cildinin (“Azərbaycan tarixi”, Bakı, 1998, II cild), “Qarabağ” kollektiv monoqrafiyasının (“Tarix və mədəniyyət oçerkləri”, Bakı, 2004), “Gəncə şəhərinin tarixi” kitabının (Bakı, 2004), “Kürəkçay müqaviləsi-200” kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biri idi.
“Əməkdar elm xadimi” adına (1990), Dövlət mükafatına (1990) layiq görülub, “Şöhrət” (2004) ordeni, “Y. Məmmədəliyev”, “Nizami” və. s.
mükafatlarla təltif edilib. Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə vəfat edib… RUHU ŞAD OLSUN!
