Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycan SSR Kirovabad (Gəncə) şəhəri….
İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycan SSR Kirovabad (Gəncə) şəhərində müəllim ailəsində doğulub. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar soyundandır. Onun valideynləri-atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub.
Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1963-cü ildə əmək fəaliyyətinə başlayıb, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilib. 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olub-26 Bakı komissarı rayonunun prokuror köməkçisi, 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edilib. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun, 1982-ci ildən Əli-Bayramlı şəhərinin, 1987–1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.
1991-ci ildə İsmət Qayıbov verdiyi müsahibədə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir. O, həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirir ki, o şəxsən 96 nəfər barəsində həbs-qətimkan tədbiri seçib. Amma, erməni separatçılarının törətdiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır.
Qayıbov Quqarkda azərbaycanlılara qarşı törədilən dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını "biabırçılq" adlandırmışdı. O, 20 Yanvar faciəsini "Azərbaycan xaqlnın öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırır və bildirir ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar". 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.
Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. 1991-ci il noyabrın 19-u saat 19. 05-də siyahı tərtib olunur. 1991-ci il noyabrın 20-də saat 12. 57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan L.
Mamontov və kapitan P. Babuşkin idarə etməliydi. İkinci vertolyot-Mİ-8 N72 isə birincini müşayiət etməli idi.
Amma ikinci vertolyot müşayiət olunmadan 13. 48-də birincinin yerinə havaya qalxır. Qarakənd üzərində Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulur. Qarakənd faciəsi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır.
Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Həlak olanlar arasında İsmət Qayıbov da var idi.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun sözlərinə görə, ilk və son dəfə onun atası ailə üzvlərinə vida etməmişdi. İsmət Qayıbovun geyindiyi pencəyin cibində isə Ömər Xəyyamın rübaisi var idi: "Из допущенных в рай и низвергнутых в ад Никогда и никто не вернулся назад.
Грешен ты или свят, беден или богат, Уходя, не надейся и ты на возврат". Azərbaycanın müxtəlif yerlərində onun adını daşıyan xeyli təsisatlar var. İsmət Qayıbovun abidəsi Bakıdakı Fəxri Xiyabandadır…
RUHU ŞAD OLSUN!
