Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyi ilə Stalin repressiyasının qurbanların….
Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyi ilə Stalin repressiyasının qurbanlarından biri olan Mirzə Məmmədov haqqında qısa məlumat vermək istəyirəm. Mirzə Soltan oğlu Məmmədov 1901-ci ildə Bakıda doğulub. 1914 – 1918-ci illərdə Bakıda Ali ibtidai məktəbdə təhsil alıb. 1918-ci ildə Bakı Politexnik Məktəbinə daxil olub. 1920-ci ildə 6 ay Moskvada Sverdlov adına Universitetdə, 1921 – 1924-cü illərdə Şərq Zəhmətkeşləri Kommunist Universitetində, 1926 – 1927-ci illərdə isə Şərq Zəhmətkeşləri Kommunist Universitetinin aspiranturasında təhsil alıb. 1917-ci il Fevral inqilabı ərəfəsində inqilabi hərəkata qoşularaq "Hümmət" partiyasına üzv olub.
Bakı şəhərində və ətraf kəndlərdə, xüsusilə də Buzovnada partiyanın ideyalarını təbliğ edib. 1920-ci ildə (Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra) bir müddət Azərbaycan K(b)P Zığ rayon komitəsinin katibi, K(b)P Bakı komitəsində hərbi təlimatçı, 1924 -1926-cı illərdə Azərbaycan K(b)P Qala-Maştağa rayon komitəsinin katibi, 1926 – 1927-ci illərdə Şərq Zəhmətkeşləri Kommunist Universitetinin partiya komitəsinin katibi, 1931 – 1932-ci illərdə Azərbaycan K(b)P MK-da mədəniyyətin təbliği şöbəsinin müdir müavini və nəşriyyat şöbəsinin müdiri, 1932 – 1933-cü illərdə Azərbaycan K(b)P Nuxa rayon komitəsinin məsul katibi, 1933-cü ilin dekabr ayından 1936-cı ilin may ayının 14-nədək Ali Pedaqoji İnstitutun direktoru, 1933-cü ilin 14 may tarixindən 1937-ci ilin əvvəllərinədək isə Ali Pedaqoji İnstitutun partiya komitəsinin katibi vəzifəsində çalışıb. Əsas tədqiqat sahəsi milli-mədəni problemlərin araşdırılması olub.
1935-ci ildə “Firqə işçisi” jurnalında “AK(b)P-də milli təmayüllər, Nəriman Nərimanovun konsepsiyası” (№ 9) və “Mirzə Davud Hüseynovun “Müsavat” firqəsi keçmişdə və indi” (№ 11) adlı məqalələri çap olunub. 1937-ci ilin əvvəllərində-Stalin repressiyası dövründə bir çox gunahsız insanlar kimi rejim tərəfindən həbs edilib və 4 iyul 1938-ci il tarixdə-37 yaşında, Bakıda güllənib… RUHU ŞAD OLSUN!
