Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İbrahim ağa Vəkilov — həyatı və yaradıcılığı.
İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də Qazax qəzasının Qıraq Salahlı kəndində doğulub. 1866-cı ildə Tiflisdə Hərbi gimnaziyaya daxil olur və bu məktəbdə 9 il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə Peterburqdakı hərbi topoqrafiya məktəbinə qəbul olur. 1879-cu ildə həmin məktəbi bitirib, praporşik rütbəsi alır. İbrahim ağa Vəkilov 11 yaşında atasını itirmişdi, atası Paşa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım İbrahimin fərasəti ilə çox öyünürdü.
İbrahim ağa rus məmurunun qızı Yelena Yefimovanı sevirdi. Ailəsi dinini dəyişdirməyəcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər.
Lakin, sevgi qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, qeyri-qanuni də olsa evlənirlər. 1891-ci ildə isə İbrahim bəyi gözlənilmədən Rusiyaya hərbi attaşe qismində ezam edirlər.
Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciət edir. İbrahim Vəkilovun xidmətləri nəzərə alınaraq xahişi qəbul olunur.
Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. 5 il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov 4 il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. 1901-ci ildən şöbə rəisi podpolkovnik Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır. 1912–1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ.
Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən İbrahim ağa 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. O, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir. O, 1918-ci ildə Azərbaycan Milli Ordusunun təşkilində fəallardan olub. 1918-ci il iyunun 23-də Respublika Daxili işlər nazirinin əmrilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığınacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator onları tərksilah etmişdi.
Onun Daxili işlər nazirinə göndərdiyi 1919-cu il 23 mart tarixli məlumatında bildirirdi: "Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi fitnə-fəsadlar aşkar edilmişdir. Yerli bolşeviklərlə birləşən ermənilər, müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir".
1919-cu ilin martında Novruz bayramı münasibətilə Milli Ordunun paradı keçirilirdi. Səməd bəy Mehmandarov və bir qrup parlament üzvü parad-nümayişdə iştirak etmək üçün Gəncəyə gəlmiş və İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi. Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə ordudakı nümunəvi xidmətinə görə ona general-mayor rütbəsi verilmişdi.
6 may 1919-cu ildə hökumətin 248 nömrəli əmri ilə o, Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi təyin olunmuşdu. 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa Vəkilov olub. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiş Milli Şuranın üzvü idi.
12 fevral 1934-cu ildə Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!
