Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xəlil Məmməd oğlu Məmmədov — həyatı və yaradıcılığı.
Xəlil Məmməd oğlu Məmmədov 1916-cı ildə Şuşa şəhərində doğulub. 1938-ci ildə Şuşa RHK-dan orduya çağırılıb. Müharibədə rütbəsi mayor olub. Krım, Donbas, Ukrayna uğrunda aparılan döyüşlərdə iştirak edib.
Rumın şəhərciyi Merqura hücum zamanı hitlerçilər tərəfindən güclü müdafiə sistemi yaradılmışdı. X. Məmmədovun batalyonuna müdafiəni yararaq, şəhərin digər tərəfində yerləşən körpünü düşmən keçə bilməsin deyə partlatmaq əmri verilmişdi.
Gecə həmləsi zamanı mayorun tankları beton pilləkənlərdən ibarət maneə ilə qarşılaşır. Belə bir maneəni keçib getmək qeyri- mümkün idi. Tankçılar dəmir troslarla maneəni dəf edərək mina meydançasını keçir və şəhərə daxil olurlar.
Tapşırıq yerinə yetirilir. Rumın torpağında 15 günlük mübarizə ərzində mayor Məmmədovun batalyonu düşmənin 4 tank, 2 özüyeriyən top, 64 artilleriya silahı, 191 avtomaşın, 108 pulemyot, 1375 əsgər və zabitini məhv edir, 3 dəmiryol eşalonu, 350 avtomaşın, 4 min hitlerçi ələ keçirilir. SSRİ Ali Sovetinin 24 mart 1945-ci il tarixli fərmanı ilə Məmmədov Xəlil Məmməd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilir.
Xəlil Məmmədov 1960–1965-ci illərdə Azərbaycan SSR daxili işlər naziri (1962-ci ildən ictimai asayişi mühafizə naziri kimi), 1965-ci ildən isə Azərbaycan SSR Nazirlər Sovetində sovet orqanları şöbəsinin müdiri olub. 21 fevral 1989-cu ildə Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib…
ALLAH RƏHMƏT ELƏSİN!
