Məmməd Qurban oğlu Qurbanov — həyatı və yaradıcılığı

Şrift
Məmməd Qurban oğlu Qurbanov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmməd Qurban oğlu Qurbanov — həyatı və yaradıcılığı.

Məmməd Qurban oğlu Qurbanov 1911-ci ildə Zəngəzur qəzasının Mərzit (Aldərə) kəndində yoxsul ailədə doğulub. 1921-ci ildə Gəncədə ibtidai məktəbə, sonra isə Bakıda Dəmir yolu texniki-peşə məktəbinə daxil olub. 1925-ci ildə həmin məktəbdə Lenin komsomolunun üzvlüyünə qəbul olunub. 1929-cu ildə fabrik-zavod şagirdliyi məktəblərinin Bakı yolu məktəbini bitirib. Əmək fəaliyyətinə Kirovabad (Gəncə) parovoz deposunda çilingər kimi başlayıb. 1930–1935-ci illərdə Tbilisi fəhlə dəmiryolu məktəbində, N. Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil alıb, Hərbi təyyarəçilər məktəbinin kursantı olub. 1935-ci ildən 1940-cı ilədək Kirovabad Şəhər Komsomol Komitəsinin katibi, Şəhər bədən tərbiyəsi və idman komitəsinin sədri, Səhər Xalq Maarif şöbəsinin müdiri, "Kirovabad bolşeviki" qəzetinin redaktoru vəzifələrində işləyib.

1941-ci ilin mart ayında Vartaşen (hazırkı Oğuz) Rayon Partiya Komitəsinin II katibi, həmin ilin oktyabr ayında I katibi seçilib. 1949-cu ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Azərbaycan KP Bakı Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib, sonralar Azərbaycan SSR Nazirlər Soveti yanında Radio İnformasiya Komitəsinin sədri, Kirovabad Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri olub. Məmməd Qurbanov 1953-cü ildə Bakı şəhər Partiya Komitəsinin katibi, sonralar I katibi seçilib. 1955-ci ildə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, 1955–1960 və 1963–1965-ci illərdə Azərbaycan SSR mədəniyyət naziri, Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin sədr müavini, 1969–1979-cu illərdə isə sədri vəzifələrində işləyib. Məmməd Qurbanov respublikanın ictimai-siyasi həyatında fəal iştirak edib.

Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif edilib. Məmməd Qurbanov 21 dekabr 1979-cu ildə Bakıda vəfat edib.

II Fəxri Xiyabanda dəfn edilib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗