Cəmil Əlibəyov — həyatı və yaradıcılığı

Şrift
Cəmil Əlibəyov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəmil Əlibəyov — həyatı və yaradıcılığı.

Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Cəbrayıl qəzasında (Füzuli rayonunun Dədəli kəndində) dünyaya gəlib. Atası Ədil bəy Həsəy bəy oğlu Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olub. XX əsrin 20-ci illərinin sonlarında mülkədar–bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət edib, bir neçə il sonra orada vəfat edib.

Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsində doğulub. C. Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olub.

Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalıb. Əlibəyovlar qolçomaq sayılıb, təqib olunublar. C.

Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən) məktəbdə təhsil almağa başlayıb, lakin mühacirətdə olan atasının İrandan göndərdiyi məktublar ona ünvanlandığından 6 yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılıb. O, təhsilini bir müddət evdə dayılarından alıb, sonradan doğma məktəbdə davam etdirib. 1944-cü ildə bilik səviyyəsi və ümumi qabliyyəti sınaq söhbətində yoxlanılaraq Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) qəbul edilib. Fars, ərəb, ingilis dillərində xüsusi uğurları olsa da, Şərq tarixi ixtisasını seçib,elmi tədqiqatları Moskva Ali Təhsil Nazirliyinin və Respublika Nazirliyinin mükafatlarına layiq görülüb.

C. Əlibəyov son kursu bitirməkdə olarkən-dövlət imtahanı ərəfəsində universitetdən xaric edilib. Buna səbəb o zaman bir neçəsi şərq fakültəsindən olan tələbələrin dövlət əleyhinə fəaliyyətdə suçlanması olub.

Ancaq C. Əlibəyovun həmin qrupa aidiyyəti olmadığı müəyyənləşdirildikdən sonra əmri dəyişərək, onu tarix fakültəsinin birinci kursuna (ekstern) keçiriblər. C.

Əlibəyov 1949-cu ildə "Azərbaycan gəncləri" qəzetinə işə götürülüb. Üç il sonra anonim məktub Moskva tərəfindən yoxlanılib, o, ictimai keçmişi "ləkəli" olduğuna görə işdən kənarlaşdırılıb. Stalinin ölümündən dərhal sonra onu əvvəlki işinə bərpa ediblər. 20 il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərib.

Onun işlədiyi dövrdə qəzetin tirajı 20 mindən 450 minə yüksəlmişdir. 1970-ci ildə C. Əlibəyov daha məsul işə-dövlət vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub. Həmin dövr radiosu öz verlişləri ilə xalqa, onun ənənəvi mənəvi dəyərlərinə, obrazlı dilinə daha da yaxınlaşmışdır. Xalq yaradıcılığı "Bulaq" verilişi hələ də efirdədir.

Bu verilişə görə C. Əlibəyov Azərbaycan Jürnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. 1974-cü ildə Heydər Əliyevin şəxsi təklifi ilə C. Əlibəyova daha məsul vəzifə tapşırılıb.

O, on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyib. "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib. C.

Əlibəyov 1984–1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988–1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor olub. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin müəllifidir.

Azərbaycanda həmin romanlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunub."Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulub. 40-dan çox bədii əsərin müəllifidir. 26 oktyabr 2014-cü ildə Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗