Fatma Qədir qızı Qədri — həyatı və yaradıcılığı

Şrift
Fatma Qədir qızı Qədri — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fatma Qədir qızı Qədri — həyatı və yaradıcılığı.

Fatma Qədir qızı Qədri 1907-ci il aprelin 14-də Odessada doğulub. Fatma oğula həsrət ailənin 10-cu qız övladı olub. Valideynləri onun adını Artıq qoymuşdu.

Fatmanın ailəsi çörəkpulu ardınca Cənubi Azərbaycanın Sərab şəhərindən gəlmişdi. Atası Qədir kişi şəkər zavodunda fəhlə işləyirdi. Fatmanın 12 yaşı olsa da, o, yoxsulluq ucbatından məktəbə gedə bilmirdi.

Fatma Qədri sonralar həmin günləri belə xatırlayır: “Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!..” Qızının oxumaq arzusunu hiss edən anası Fatman tanıdıqları bir evə gətirir. O,12 yaşlı qızını bu ailəyə qulluqçuluğa verir. Fatma burada ailəyə qulluq edir, ona verilən əməkhaqqını isə məktəb pulu kimi yığıb toplayır.

O,əvvəlcə mollaxana dərslərinə gedir. Lakin buradan bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də ötürmür.

Bir gün isə valideynləri onu uşaqsız-soysuz olan varlı Astarxanlı xalasına övladlığa verirlər. Fatma isə ailəsindən ayrılmaq istəmədiyindən yarı yoldan qaçıb öz kasıb daxmalarına qayıdır. Bir gün Fatma Odessada çekist işləyən Əhəd Axundzadə ilə qarşılaşır.

Axundzadə Fatmaya aşiq olur, onu özü ilə Bakıya gətirir. Burada o, özünün Artıq adı ilə vidalaşıb Fatma adını götürür, soyadını isə atasının adını yazdırır. Axunzadələrin qohumu məşhur opera sənətkarı Şövkət Məmmədova onların evində tez-tez qonaq olurdu.

Çox keçmir ki, o, Fatmaya köməklik etməyi öz boynuna götürür. Fatma Şövkət xanımın təşəbbüsü ilə yenicə yaradılmış Bakı Azərbaycan Pedaqoji institutuna daxil olur. Lakin, o ailəsindən gizlin həm də Dövlət Teatr Texnikumuna daxil olur.

Burada o, Cəfər Cabbarlı ilə tanış olur. Fatmanın təhsil almasında baldızlarının və qayınlarının rolu çox böyük olur. Ailə və həyat yoldaşı onun təhsil almasını dəstəkləyir, ancaq onun aktrisa olmasını qəti şəkildə istəmirlər.

Bir müddət sonra Axundzadə ilə Fatma arasında soyuqluq yaranır. 4 ildən sonra isə cütlük yollarını ayırır. Fatma ərindən boşanır.

1926-cı ildə o, Türk İşçi Teatrına işə göndərilir. Səhnə fəaliyyətinə Mirzə Cəlilin “Anamın kitabı” dramında gənc Gülbahar rolunu ifa etməklə başlayır. Fatma Qədri 1932-ci ilədək Türk İşçi Teatrında çalışır, 1933-cü ildən Bakı Rus Dram Teatrı, habelə Gəncə Şəhər Teatrı və 1936-cı ildən isə Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində fəaliyyət göstərir.

Elə həmin illərdə Xalq Deputatları sovetinə deputat seçilir. O aktrisalıq fəaliyyəti müddətində “Sevil”, "Şeyx Sənan", "Paris Notrdam kilsəsi", "Anamın kitabı", "Dubrovski", "Vaqif", "Romeo və Cülyetta", "Otello", "Məkr və məhəbbət", "Cehizsiz qız", "Tufan", "Aydın" tamaşalarında rollar ifa edib. 37-ci ilin repressiyasından Fatma Qədri də öz nəsibini alıb.

Aktrisa Barat Şəkinskaya xatirələrində yazırdı:“Fatma Qədri neçə il idi ərindən boşanmışdı. Onun keçmiş əri Əsəd Axundzadə mənim dayım idi. Təhlükəsizlik komitəsində, yüksək vəzifədə işləyirdi.

Yadımdadır, Fatma Qədri hətta iclasda dedi ki, axı, mənim keçmiş ərim indi ailə qurub. Onun qanuni həyat yoldaşı Tamara adlı bir qadındır. Amma kim idi onların bu sözlərinə baxan…

Vaxtilə dayımla ailəli olması onu da təhlükə altında qoymuşdu. Biz Şəmsi ilə maddi cəhətdən o qədər əziyyət çəkmirdik. Qohumlarım bizə xəlvəti kömək edirdilər.

Fatma Qədrinin vəziyyəti isə daha ağır idi. Yadımdadır, həmin vaxtlar Şəmsi ilə kitab pasajına daxil olmaq istəyirdik. Uzaqdan Fatma Qədrini gördüm.

O, Şekspirin əsərini məhəccərə qoyub, müştəri gözləyirdi. Biz tez çevrilib getdik ki, o, bizi görüb utanmasın”. Fatma Qədri öz gündəliyində yazırdı ki, 37-ci ildə məni işdən çıxardılar, heç kim qorxusundan salamımı almırdı, hansı tanışıma, dostuma rast gəlirdimsə, üzünü yana çevirirdi.

Bir gün küçədə Mirzə İbrahimovla rastlaşdım. O, məni yanına çağırdı, halımı soruşdu, kömək əlini uzatdı, beləliklə Dram teatrına qayıtdım".(Mənbə:kulis az) Fatma xanım 1968-ci ilin fevralında, 60 yaşında yaşadığı mənzildə intihar edib. Fəxri Xiyabanda dəfn olunub…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗