Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada doğulub..
Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada doğulub. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərir və müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya gedir, festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa edir. 11 yaşlı Fatmanın ifası Üzeyir Hacıbəyovun diqqətini cəlb edir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaradır.
Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Bakıya gəlir. 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlayır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur və geniş konsert proqramları ilə çıxış edir.
1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəyovun vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa edir. Fatma Mehrəliyeva, həmçinin musiqisi Üzeyir Hacıbəyovun, sözləri Səməd Vurğunun olan "Şəfqət bacısı" mahnısının ilk ifaçısı olub, lakin həmin ifanın lent yazısı qalmayıb. Fatma xanım muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb.
Elə bu şöhrət sayəsində lirik soprano səsə malik olan müğənni 1945-ci ildə Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" filmində Telli roluna çəkilir. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynayır. Onun oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsus yeri var Belə ki, musiqişünas alim, professor Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb.
Bundan başqa, "Getmə dayan", "Olmaz-olmaz", "Ceyranım", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə", "Muğan qızı", "Lay-lay", "Unuda bilmirəm" və s. kimi xalq və bəstəkar mahnlarını oxuyan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib. O, Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə Əməkdar artist adına layiq görülüb.
Fatma xanım ömrünün son illərində yoxsulluqdan əziyyət çəkirdi. Diqqətsizliyə və unudulduguna görə hamıdan incimişdi. Hətta ona baş çəkməyə gələn dostlarını da evdən qovurdu…
Fatma Mehrəliyeva 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!
