Səttar Bəhlul oğlu Bəhlulzadə — həyatı və yaradıcılığı

Şrift
Səttar Bəhlul oğlu Bəhlulzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Səttar Bəhlul oğlu Bəhlulzadə — həyatı və yaradıcılığı.

Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində doğulub. 1927-1931-ci illərdə Rəssamlıq Texnikumunda təhsil alıb. Onun ilk uğurları böyük rəssam Əzim Əzimzadənin diqqətindən yayınmır.

O, Səttarı baş rəssamı olduğu "Kommunist" qəzetində işləməyə dəvət edir. 1933-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika şöbəsinə daxil olur. Krımda keçirilən yay təcrübəsi zamanı onun rəsmlərindəki özünəməxsusluğu duyan məşhur rəssam Q.

M. Şeqal Səttara rəngkarlıq fakültəsinə keçməyi təklif edir. O, bu təklifi məmnuniyyətlə qəbul edir və üçüncü kursdan etibarən Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilinə davam edir.

O,diplom işi kimi Babək hərəkatı mövzusunu seçir, material toplamaq üçün Bakıya qayıdır. Diplom işini tamamlasa da, müdafiə edə bilmir. 1941-ci ildə başlanan Böyük Vətən Müharibəsi onu Bakıda qalmağa məcbur edir. Müharibə bitsə də, Səttar diplomunun müdafiəsi üçün Moskvaya qayıtmır.

Bunun səbəbini soruşanlara isə "Məgər diplomsuz rəssam olmur?" cavabını verir. Səttar Bəhlulzadə evlənməyib, tənha ömür sürüb. Amma onun gizli sevdiyi bir qadın olub.

Sevdiyi qızla birlikdə Moskvaya, V. İ. Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gəliblər.

Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb. Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurur, lakin çox keçmir ki, onlar ayrılmalı olurlar. Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti-Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə imiş.

Səttarın özünəməxsus qəribə hərəkətləri olub. Günlərinin birində gecə vaxtı dostu Bəxtiyar Vahabzadənin evinə qonaq gedir. Gec olsa da ona mürəbbəli çay süfrəsi açılır.

Səttar qəflətən barmağını mürəbbəyə batırıb yerdəki xalçanı qaldırır və döşəmədə ceyrana bənzəyən rəsm çəkib deyir: "Füzulinin bütün qəzəlləri bitkin bir portretdir. Mən portretçi olsaydım, Füzulinin nəinki qəzəllərinin, hətta hər bir beytinin portretini çəkərdim". …

Dekabrın 15-də ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən sonra o biri otağa keçib oradan xeyli şam gətirir, hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyur. Evin işıqlarını söndürüb belə bir təklif edir:"Gəlin ağır-ağır "Şəbi-hicran"ı oxuyaq". 70-ci illərdə «Ulduz» jurnalında məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonarar yığılıbmış.

Tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam «Ulduz»un redaksiyasına gəlir və soruşur: – Nə qədər qonorarım var? –1500 manat.

Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış əməkdaşlara deyir: – Mənim 1500 manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu «Avrora» tapasınız! Səttar Bəhlulzadə dərd-sərini çox adamla bölüşmədiyindən Əmircandakı evlərinə çəkilib günlərlə oradan çıxmır.

Yaxın dostlarından biri onu həkimə aparmaq üçün dilə tutur. O, isə ağlayıb deyir ki, onlar adam deyillər, məndən soruşurlar ki, niyə evlənmirsən? 1973-cü ilin avqustunda Sabunçuda xəstəxanada ona sarılıq xəstəliyi diaqnozunu qoyurlar.

Həmin ərəfədə onun Moskvada ilk fərdi sərgisi açılır. Öz sərgisində ürəkdən iştirak etmək istəyən rəssam dostlarına deyir:-"Oğlum yox, qızım yox,evləndirib toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. 64 yaşım var.

Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılıb, lakin rəsmi adamlar, həkimlər icazə vermirlər ki, gedib öz toyumu-sərgimi görüm. Bilmirəm, neyləyim?.. Bu sözlərdən sonra həkimlər ona heç bir yoluxucu xəstəliyi olmaması haqqında arayış verirlər.

Sərgidə güclə ayaq üstündə dayanan rəssamın halı sərgidən sonra daha da pisləşir. Ertəsi gün onu xəstəxanaya aparırlar. Üç gündən sonra isə o, əməliyyat olunur.

1974-cü il oktyabrın 15-də dünyasını dəyişir. Fəxri Xiyabanda dəfn olunmasına icazə verilməyən cənazə rəssamın öz vəsiyyətinə uyğun olaraq, Əmircan kəndində anasının məzarının yanında torpağa tapşırılır…(mənbə:kulis. az) RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗