Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağalar bəy Məşədi Abbasqulu oğlu İsgəndərli — həyatı və yaradıcılığı.
Ağalar bəy Məşədi Abbasqulu oğlu İsgəndərli 1899-cu ilin sentyabr ayında Şamaxıda doğulub. 1911-ci il yanvarın 7-dən 1917-ci il aprelin 30-a qədər Şamaxı Real Məktəbində təhsil alıb. Şamaxı soyqırımından sonra ailəsi ilə birlikdə şəhərdən qaçqın düşüb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub və Ağalar İsgəndərli bu dövrdə AXC Parlamentinin dəftərxanasında tərcüməçi işləyib. Parlament 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb.
Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub. Ağalar İsgəndərli də xaricdə ali təhsil almaq üçün seçilmiş tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb.
Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb. Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar.
Ağalar bəy də Berlinə gedərək orada Berlin Politexnik İnstitutunun kimya fakültəsində təhsil alıb. Azərbaycanda sovet işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün olan hesabatında Ağalar bəyin təhsilinin bitməsinə 1 il qaldığı göstərilib. Ağalar bəy təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti işğal olunduğu üçün geri qayıtmayıb və Türkiyəyə köçüb.
Ağalar bəy Türkiyəyə köçdükdən sonra özünə "İsgəndər Batu" adını götürüb. 1938–1955-ci illərdə nüvə kimyası sahəsində fəaliyyət göstərib. Təqaüdə çıxdıqdan sonra Azərbaycanda yaşayan qohumları ilə əlaqə saxlayıb. 1976-cı ildə həyat yoldaşı ilə birlikdə Azərbaycan SSR-yə gəlib və 2 ay müddətində Bakıda və Şamaxıda olub. Əlavə olaraq qeyd edək ki, Ağalar bəy Şamaxı sakinləri Məşədi Abbasqulu Hacı Ağaəli oğlu İsgəndərli və Turəbikə Ağasadıq bəy qızının ailəsində dünyaya gəlib.
Atası Məşədi Abbasqulu İsgəndərov Çar Rusiyası dövründə Şamaxıda məmur olub. Anası Turəbikə xanım isə Şamaxıda tanınan Qocamanbəyovlar nəslindəndir. Abbasqulu İsgəndərli və Turəbikə İsgəndərli İstanbul şəhərində yaşayıblar. 1952-ci il mayın 23-də Turəbikə xanım, 1959-cu il dekabrın 30-da isə Abbasqulu bəy vəfat edib.
Ağalar bəyin dayısı Azad bəy Qocamanbəyov Şamaxı Real Məktəbində təhsilini bitirdikdən sonra Sankt-Peterburqda hərbi təhsil alıb. Bir müddət Moskvada və Sankt-Peterburqda xidmət edib. 1905–1907-ci illərdə Rus-yapon müharibəsində iştirak edib, bir neçə orden və medalla təltif olunub. Polkovnik rütbəsində Şamaxıya qayıdıb. 1918-ci ildə Şamaxı soyqırımı vaxtı ermənilərə qarşı mübarizə aparan dəstələrdən birinə rəhbərlik edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı qəzasının Polis İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən də Şamaxı qəzasının polis rəisi vəzifəsində çalışıb. Ağalar bəy Almaniyada təhsil aldığı dövrdə Şarlotta adlı alman xanımla ailə qurub. Bu evlilikdən Alptəkin, Gültəkin, Atilla adlı oğulları və Gülsən adlı qızları dünyaya gəlib…
Ağalar İsgəndərli 1984-cü ilin may ayında İstanbulda vəfat edib… RUHU ŞAD OLSUN!
