Muxtar Həsən oğlu Avşarov — həyatı və yaradıcılığı

Şrift
Muxtar Həsən oğlu Avşarov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Muxtar Həsən oğlu Avşarov — həyatı və yaradıcılığı.

Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində doğulub. 1918-ci ildə ermənilərin soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə köçüb. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra Gəncəyə köçüb. 1922-ci ildə Gəncədəki Dəmiryol məktəbində oxuyub və IX sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gələrək sənət məktəbində təhsil almağa başlayır.

Asudə vaxtlarında Dəmiryolçuların Mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir ki, həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və Aleksandr Şirvanzadənin "Namus" pyesini tamaşaya qoyur. Pyesdəki Sumbat rolu Muxtar Avşarova tapşırılır.

1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Avşarov Gəncə parovoz deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar teatırnda aktyor kimi fəaliyyətini davam etdirir. O, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları ifa edir. 1936-cı ildə yeni yaranmış siyasi şöbə tərəfindən Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilir və oranı bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilir.

Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M. Avşarov sonralar Səməd Vurğunun "Vaqif" pyesində Zülfüqar, Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxır. Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs edirlər.

Guya M. Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək "Kirovabad" qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz edib. 5 il həbsdə yatan M. Avşarov yazdığı ərizələrin müqabilində vaxtından əvvəl azadlığa buraxılir.

Onun qayıdışı ilə Gəncə teatrı Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərini tamaşaya qoyur və əsas rolu oynamaq ona tapşırılır. Tamaşanın ertəsi günü onu yenidən teatrdan azad edirlər. Bir müddət işsiz qalan M.

Avşarov dəyirmanda fəhlə işləyir, Stalinin ölümündən sonra yenidən Gəncə teatrında fəaliyyətni davam etdirir. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülür. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışır.

Həmin müddətdə "Azərbaycanfilm" kinostudiyasında Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri başlayır və Muxtar Avşarova o qədər də böyük olmayan bir rol həvalə olunur. Bu filmdəki rolun uğurlu alınması onun kino fəaliyyətini artırır və bundan sonra "Atları yəhərləyin" filminin çəkilişləri başlayır. Burada İran kəndxudası obrazını yaradan Muxtar Avşarov xarakterik bir aktyor oyunu göstərir.

M. Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuxarı olan adamlar işdən azad olunmalıdır" qərarı ilə işdən azad oulnur. 1992-ci ildə xalq artisti Amaliya Pənahova Bakı Bələdiyyə Teatrını yaradır və Muxtar Avşarovu həmin teatra dəvət edir.

Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı obrazlar yaradır. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M. Avşarovu həmin teatra dəvət edir."Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur.

Ömrünün sonlarına doğri onun görmə qabiliyyəti zəifləyir. Belə ağır vaxtlarda yenə də onu yeni rollara dəvət edirdilər. 2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar olaraq, xalq artisti fəxri adına layiq görülür. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2004-cü il dekabrın 6-da dünyasını dəyişib…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗