Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qulam Yəhya oğlu Danişian — həyatı və yaradıcılığı.
Qulam Yəhya oğlu Danişian 1906-cı ildə Sərab mahalının Əsgərabad kəndində doğulub. 1918-ci ildə Bakıya gələrək atası ilə birlikdə Sabunçu qəsəbəsində yaşayıb. 1920-ci ildən çilingər köməkçisi və çilingər işləyib. 1925-ci ildə Kommunist Partiyasına üzv olub. 1927–1929-cu illərdə Bakıda Partiya Məktəbinidə təhsil alıb. 1931-ci ilə qədər Bakıda Lenin rayonu partiya komitəsində işləyib. 1935–1937-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1937-ci ildə İrana geri qayıdıb.
Öz yaşadığı kəndə çatmamış İran polisi tərəfindən həbs olunaraq Ərdəbildə həbsxanaya salınıb. 1939-cu ildə həbsdən azad olunaraq doğulduğu kəndə sürgün edilir. Daha sonra Miyanəyə gedərək dəmiryolu idarəsində mexanik işləyib. 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı.
Qulam Yəhya 1941-ci ildə Tudə Partiyasına üzv olur. Partiyanın Sərab vilayət komitəsinə rəhbərlik edib. 1942-ci ildə yenidən həbs olunaraq Tehrana aparılır. 1943-cü ildə həbsdən azad olunub və partiyanın Miyanə vilayət komitəsinə sədr seçilir. 1945-ci ilin sentyabrında yaradılmış Azərbaycan Demokrat Partiyasına qoşulur. 1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclasında fədai dəstələrinin yaradılması haqda qərar qəbul edilir və Miyanə fədailərinin başçısı Qulam Yəhya seçilir.
1945-ci ilin noyabrın 15-də rəhbərlik etdiyi dəstə Sərab və Miyanədə jandarm postlarını tərk-silah edib. Daha sonra noyabrın 25-də Miyanə şəhərinin şah qoşunlarından təmizlənməsinə rəhbərlik edib və Miyanə şəhəri şah qoşunlarından təmizlənən ilk şəhər olub. 1945-ci il dekabrın 6-da Mir Cəfər Pişəvərinin göstərişi ilə Təbrizə çağırılıb. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Qulam Yəhya xalq qoşunları naziri Cəfər Kavianın müavini seçilib.
Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etdi. Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdiQulam Yəhyanın da daxil olduğu "Qızılbaş" Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı. 1946-cı ilin yanvar ayında Zəncanda aparılan işlərə dəstək vermək məqsədilə göndərilən fədailərə rəhbərlik edib.
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib. 1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırılıb. Qulam Yəhya 1946-cı ilin dekabrın 10-na qədər şah qoşunlarına qarşı müqavimət göstərib.
Dekabr ayının 10-da Təbrizə çağırılıb. 1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək haqqında qərar verdi. Azərbaycan Milli Hökuməti süqut etdi. Qulam Yəhya siyasi mühacir kimi Şimali Azərbaycana gəlir.
Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər. 1947-ci il iyunun 10-da Mir Cəfər Pişəvəri Hacıkənddə təlimdə olan fədailərə və o bölgəyə yerləşmiş demokratlara baş çəkmək üçün yola çıxıb. İyunun 11-də Nuri Quliyev və Qulam Yəhya ilə birlikdə Gəncədən geri qayıdarkən avtomobil qəzaya uğrayıb.
Hər üçü yaralanaraq xəstəxanaya çatdırılsalar da Mir Cəfər Pişəvərini xilas etmək olmur. O,1954–1957-ci illərdə Moskva Həmkarlar Hərəkatı Ali Məktəbində təhsil alıb. 1957–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində dekan kimi işləyib.
1959-cu ilin avqust ayında Azərbaycan Demokrat Firqəsinin sədri seçilib. Bu vəzifəni 1979-cu ilin oktyabr ayınadək icra edib. SSRİ Ali Sovetinin Rəyasət heyətinin fərmanı ilə 60 illik münasibətilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.
Qulam Yəhya 1986-cı il avqustun 16-da Bakıda vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub…
