Vətənim Media xəbər verir ki, teatrşünas İlham Rəhimli tamaşanın ərsəyə gəlməsini ardıcıl yaradıcı mərhələlərdən ibarət proses kimi təqdim edir və bu yazısında həmin mərhələlərin düzgün qurulmasının əhəmiyyətini izah edir. Onun fikrincə, teatrda alqoritm riyaziyyatdakı kimi sərt qaydalar toplusu deyil, yaradıcılıq üsullarının və bədii prinsiplərin müəyyən ardıcıllıqla tətbiqidir.
Rəhimli əsər seçilərkən truppanın imkanlarının və mövzunun tamaşaçı üçün aktuallığının nəzərə alınmasını vacib sayır. Rejissorun aktyorları obraza uyğun seçməsi, pyesin təhlili zamanı konsepsiya və janrın dəqiqləşdirilməsi, məşqlərdə isə sözlə hərəkətin vəhdətinin axtarılması onun qeyd etdiyi əsas mərhələlərdəndir. Müəllif bəzi teatrlarda janrın müəyyənləşdirilməsinə yetərincə diqqət göstərilmədiyini, rol bölgüsünə aparıcı aktyorların təsir edə bildiyini bildirir.
Yazıda tamaşaların hazırlanması üçün bəzən 20 və ya 30 məşq günü ayrıldığı, vaxtın məhdudluğunun isə yaradıcılıq axtarışlarını və işin keyfiyyətini zəiflədə biləcəyi vurğulanır. Rəhimli, həmçinin, bəzi aparıcı teatrlarda aktyorların iştirak etmədikləri səhnələrin məşqlərinə qatılmamasını ümumi ritm ahənginə təsir edən problem kimi göstərir.
Əsas mənbə: edebiyyatqazeti.az
