Vətənim Media xəbər verir ki, oktyabrın 8-də Cəbrayıl rayonunun Dağmaşanlı kəndi yaxınlığında minalardan təmizlənməmiş ərazidə mal-qara otaran 2000-ci il təvəllüdlü Orxan Qəhrəmanov piyada əleyhinə minaya düşüb. O, müxtəlif bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlər pasiyentə sağ qolunun bir hissəsinin və sol baldırının aşağı hissəsinin travmatik amputasiyası, eləcə də sağ bud nahiyəsində ağır yaralar diaqnozu qoyublar. O, əməliyyat olunub, hazırda reanimasiya və intensiv terapiya şöbəsində müalicə alır. Vəziyyəti ağırdır.
Həmin əraziyə daha sonra Orxan Qəhrəmanovun 1966-cı il təvəllüdlü atası daxil olaraq minaya düşüb və xəsarət alıb. Hadisələrlə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır. Vətəndaşlara mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına əməl etmək, tanımadıqları ərazilərə girməmək və şübhəli əşyalara toxunmamaq tövsiyə olunub.
Əsas mənbə: APA
