Ələsgər İbrahimov 1942-ci ildə İçərişəhərdə kasıb bir ailədə doğulub

Şrift
Ələsgər İbrahimov 1942-ci ildə İçərişəhərdə kasıb bir ailədə doğulub

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ələsgər İbrahimov — həyatı və yaradıcılığı.

Ələsgər İbrahimov 1942-ci ildə İçərişəhərdə kasıb bir ailədə doğulub. Ailədə iki qardaş olublar. Ələsgər İkinci dünya müharibəsi illərində doğulduğundan ailə yarıac, yarıtox dolanır.

Onun atası bütün günü gərgin əməklə məşğul olur, anası isə zavoda işləyir. Atası gərgin əmək fəaliyyəti nəticəsində əmək qabiliyyətini itirir və ailədə yeganə işləyən şəxs anası olur. Bütün çətinliklərə baxmayaraq Ələsgər Dövlət Neft Akademiyasında təhsil ala bilir.

Ailəni dolandırmaqdan ötrü cürbəcür çətin işlərdə çalışmağa başlayır. Ən çox sevdiyi iş yerlərindən biri mühəndis kimi çalışdığı kinostudiyanın mexanika sexi olur. Onun kinoya gəlişi isə təsadüfən olur.

Belə ki, Ələsgərlə kinorejissor Arif Babayev qonşu idilər. Qəddi-qamətli, yaraşıqlı oğlanın varlığı rejissorun nəzərindən qaçmır. Onun damda quş uçurtması Arif Babayevin xoşuna gəlməsə də, Ələsgərin kino üçün yarandığına əmin olur.

Bir gün Arif Babayev damda yenə Ələsgəri quş uçuran görür. Öz-özünə düşünür ki, ilahi, necə də Jan Mareyə oxşayır, bu niyə quş uçurtmaqla məşğul olur axı? O, Ələsgəri yanına çağırır.

Onun işsiz olduğunu bilən rejissor Ələsgəri kinostudiyaya dəvət edir. Növbəti gün Ələsgər "Azərbaycanfilm" kinostudiyasına gəlir. Arif Babayevin təklifi ilə onu kinostudiyaya mühəndis kimi işə götürürlər.

Arif Babayevin "İnsan məskən salır" filmində Ramiz obrazı Ələsgər İbrahimovun kinoda debütü olur. İllər keçir, kinoya çəkilməklə, kino sexində mühəndis işləməklə yanaşı, quşbazlığından da qalmır. Əksinə, bu sahədə bir az da irəli gedib, kinostudiyanın damında da göyərçin saxlayır.

Kinostudiyanın direktoru Adil İsgəndərov onu filmdə görüb bəyənir və kino aktyoru kursuna dəvət edir. Ələsgər İbrahimovun aludəçiliyi yalnız quşbazlıq deyildi. O, hər gün içirdi.

Həmin ərəfədə Ələsgər bir qız sevir. Onlar hər gün birlikdə kinostudiyadan çıxır, dəniz kənarına gedirlər. Sevdiyi qızın Ələsgərdən bircə xahişi onun içkidən əl çəkməsi idi.

Ələsgər isə nə zərərli vərdişindən əl çəkir, nə də evlənmək barədə düşünür. Aktyorla təxminən eyni-37 yaşda olan qız günlərin birində qapılarına gələn elçilərə “hə” cavabı verir. Əlində nişan üzüyü ilə Ələsgərin görüşünə gəlir.

Lakin bu barədə sevgilisinə heç nə deyə bilmir. Ələsgərin sevdiyi qız başqası ilə ailə qurur. Az sonra qonşuların şikayəti nəticəsində kinostudiyanın üstündəki göyərçin hini məsələsi də məhkəməyə qədər gedib çıxır.

Göyərçin hini kinostudiyanın rəhbərliyi tərəfindən dağıdılır və həmişəlik qadağan olunur. Bu vaxta qədər isə Ələsgər İbrahimov "Bizi dağlarda axtarın", "Dvorjakın melodiyası", "Ömrün ilk saatı", "Qaraca qız", "Torpaq, Dəniz, Od, Səma", "Yeddi oğul istərəm" filmlərinə çəkilmişdi. Çəkildiyi filmlərlə böyük məşhurluq qazanan aktyor insanlar tərəfindən çox sevilir.

Kinostudiyada ona Jan Mare, küçədə isə Alen Delon deyirdilər. Ələsgər İbrahimova böyük uğur gətirən obrazlarından biri “Yeddi oğul istərəm” filmindəki Zalımoğlu olur. Filmə çəkilərkən yaşadığı ən böyük problem isə at çapa bilməməsi idi.

İçərişəhərli olduğu üçün ömründə at çapmayan aktyorun at üstündə olan hissələrinə onun dublyoru çəkilir. Dostlarının sözlərinə görə, o, mərd adam imiş. Kimsəyə qüruruna toxunmağa icazə verməzmiş.

Quş damının uçurdulmasını heç cür həzm edə bilmirdi. Buna görə vurub kinostudiya işçilərindən birinin çənəsini sındırmışdı. Yersiz zarafatı da götürməzmiş.

Beləliklə,heç vaxt ailə qurmayan, sevdiyi qızı və göyərçinlərini itirən Ələsgər daha çox özünə qapanır və içkiyə daha çox bağlanır. O, günlərlə, saatlarla mənzilindən çıxmır, bəzən onu axtarıb bağlı qapı arxasında boş araq şüşələrinin arasında yatmış vəziyyətdə tapırlar. Yaşadığı çətin və qeyri-normal həyat tərzi Ələsgərin səhhətindən xətərsiz ötüşmür.

O, xərçəng xəstəliyinə yoluxur. 1979-cu ildə Ələsgər İbrahimov 37 yaşında tənha vəziyyətdə dünyasını dəyişir. Yasamal qəbristanlığında dəfn olunur.

Onun üçün heç yas mərasimi də keçirilmir. Dəfndən sonra onun məzarına təkcə sevdiyi qadın gedib acı göz yaşı tökür, çiçək dəstələri qoyur. Məzarı isə kimsəsizlik və baxmsızlıqdan torpağa qarışır…(mənbə:kulis.

az) RUHU ŞAD OLSUN

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗