Vətənim Media xəbər verir ki, 13 ölkəni təmsil edən beynəlxalq səyyahlar Ağdərənin Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər. Nümayəndə heyətinə Most Traveled People klubunun təsisçisi Çarlz Vili rəhbərlik edib. Ziyarət zamanı qonaqlara abidənin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə kompleksə edilmiş müdaxilələr barədə məlumat verilib.
Xaçınçayın sahilindəki yaylada yerləşən Gəncəsər monastırı 1216–1238-ci illərdə alban knyazı Həsən Cəlalın təşəbbüsü ilə inşa olunub. Abidə uzun müddət alban katolikosatının mərkəzi, 1836-cı ilədək isə sonuncu alban katolikoslarının iqamətgahı olub. Bildirilib ki, işğal dövründə kompleksin memarlıq quruluşuna və interyerinə müdaxilələr edilib, bəzi daş yazılar, ornamentlər və simvollar korlanıb və ya dəyişdirilib. Səyyahlara 2024-cü ildə aparılmış yerində baxışın nəticələri, eləcə də abidənin tarixinin araşdırılmasında ilkin mənbələrin, epiqrafik və arxeoloji materialların əhəmiyyəti barədə danışılıb.
Əsas mənbə: APA
