Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmmədəli Xəlil oğlu Şərifli — həyatı və yaradıcılığı.
Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il martın 20-də Göyçayda doğulub.1924-cü ildən 1935-ci ilədək maarif sahəsində işləyib, Azərbaycanın bir çox rayonlarında müəllimlik edib.1931-ci ildə Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olub, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənən M. Şərifli Azərbaycanın orta əsrlər tarixi ilə daha çox maraqlanib.
1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olub, Azərbaycan tarixi üzrə ixtisaslaşib. Aspiranturanı 1941-ci ildə Leninqradda bitirib, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olub və burada ömrünün axırınadək fasiləsiz işləyib. 1944-cü ildə M.
X. Şərifli "Azərbaycan Qazan xanın hakimiyyəti dövründə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alib. Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə "Azərbaycan tarixi" kafedrasının dosenti vəzifəsinə təsdiq edilib.
40-cı illərdən başlayaraq professor M. Şərifli Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunu yaradanlardan biri olub.1941-ci ildən başlayaraq Elmlər Akademiyasında bütün məhsuldar fəaliyyəti dövründə o, dəfələrlə rəhbər vəzifələrə təyin edilib, 1943–1952-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, sonra isə direktoru vəzifələrində çalışıb.1952–1969-cu illərdə Tarix İnstitutunun "Orta əsrlər tarixi" şöbəsinə rəhbərlik edib.1941–1958-ci illərdə Azərbaycan Dövlət Universitetində, həmçinin Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan tarixindən dərs deyib və xüsusi kurslar aparib. Bolqarıstan hökumətinin dəvəti ilə 1953–1954-cü illərdə Sofiya Universitetinə ezam edilib, orada türk dilində Azərbaycan tarixindən mühazirələr oxuyub.1955-ci ildə professor Moskva şəhərində şərqşünasların XXV Beynəlxalq konqresində iştirak edib, rus və ingilis dillərində çap edilmiş "Sacilər dövləti" mövzusunda məruzə ilə çıxış edib.
M. Şərifli üç cildlik "Azərbaycan tarixi"nin (Bakı, Azərbaycan SSR EA-nın nəşriyyatı) V, VI fəsillərinin müəllifi, II, III, VII fəsillərinin həmmüəllifidir. 1965-ci ildə M.
Şərifli özünün 20 illik elmi-tədqiqat fəaliyyətinin nəticəsi olaraq "IX əsrin ikinci yarısında-XI əsrdə Azərbaycan feodal dövlətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. IX əsrin ikinci yarısında-XI əsrdə Ərəb xilafətinə və Səlcuq imperiyasına qarşı mübarizə şəraitində Azərbaycan feodal dövlətlərinin yaranması və inkişafı problemlərinin tədqiqinə həsr olunmuş bu əsər Azərbaycan, Qafqaz, Orta Asiya və bütövlükdə Orta və Yaxın Şərq ölkələri tarixi üçün böyük əhəmiyyət kəsb edir. M.
Şərifli elmə az məlum olan ərəb, fars, türk, Suriya, gürcü və müxtəlif qərb mənbələrinə, ingilis, fransız, alman, həmçinin rus dillərində olan əsərlərə, arxeoloji qazıntı materiallarına və numizmatik məlumatlara əsaslanaraq Azərbaycanın siyasi tarixini tədqiq edib, onun tarixi-coğrafi mövqeyini müəyyənləşdirib, Azərbaycan feodal dövlətlərinin-Şirvanşahların, Sacilərin, Salarilərin, Şəddadilərin, Rəvvadilərin, həmçinin Mərənd, Naxçıvan əmirliklərinin yaranmasının və inkişafının ilkin tarixi şərtlərini tədqiq edib. Müasirləri M. X.
Şəriflini "Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində pionerlərdən biri" hesab edirdilər. Professor M. Şərifli 1969-cu il sentyabrın 5-də vəfat edib və vəsiyyətinə uyğun olaraq doğma yurdu Göyçayda dəfn edilib.
Bakı şəhərinin küçələrindən birinə onun adı verilib, Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub… ALLAH RƏHMƏT ELƏSİN!
