Vətənim Media xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Hersoq Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbriklərini çatdırıb.
İsrail Prezidenti Azərbaycanın 2026–2028-ci illərdə də AQEM-ə sədrlik etməsini ölkəyə göstərilən etimadın ifadəsi kimi qiymətləndirib. O, Azərbaycanın sədrliyi dövründə qurum çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. İlham Əliyev bu münasibətə görə təşəkkür edib və Azərbaycanın üzv dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirmək, əməkdaşlığı inkişaf etdirmək səylərini davam etdirdiyini bildirib.
Görüşdə Azərbaycan-İsrail münasibətləri, eləcə də beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əsas mənbə: APA
