Vətənim Media xəbər verir ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 36 min artaraq 1 milyon 67 mini keçib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu göstəricinin ölkə üzrə əmək müqavilələrinin ümumi sayının 56,5 faizinə bərabər olduğunu bildirib.
Nazir müavininin sözlərinə görə, 2026-cı ilin ilk doqquz ayında ümumi daxili məhsulun 70,3 faizi qeyri-neft-qaz sektorunda yaranıb. 2021–2025-ci illərdə bu sahədə orta illik real artım təxminən 6 faiz təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala yatırılan 14,7 milyard manatın 9,8 milyard manatı da qeyri-neft-qaz sektoruna yönəldilib.
Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxış edərkən bazara, maliyyə və infrastruktura çıxışdakı çətinliklərin investisiya və məşğulluğa təsir etdiyini vurğulayıb. O, 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planının məqsədlərindən birinin rəqabət mühitindəki yaxşılaşmanın sahibkarlar və istehlakçılar üçün real nəticələr verməsi olduğunu qeyd edib.
Əsas mənbə: APA
