Muxtar Maniyev — həyatı və yaradıcılığı

Şrift
Muxtar Maniyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Muxtar Maniyev — həyatı və yaradıcılığı.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş.

Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedir.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib.

O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edir. "İnsan məskən salır" filmində onun qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub.

Hadisələr Neft Daşlarında cərəyan edir. M. Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir.

Bir aktyor kimi M. Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır.

Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellekti idi. Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Doğrudan da, milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz xidmətlər göstərib.

Onun rolları milli xarakterlidir. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. "Bəxt üzüyü"ndəki zırpı rolunu xatırlayırsınızmı?

Yaxud, "Ölsəm…bağışla" filmindəki Seyidrza rolunu gözləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini gördü. Amma "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb.

Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib. O, "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışib.

Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilirdi. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var. Ömrünün kamillik dövründə o yenə də filmlərə çəkilir, tədbirlərdə iştirak edir, xatirələrini yazırdı.

150-dən artıq filmdə obrazlar yaradan böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunmuşdu. Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşir, səhər saatlarında vəfat edir.

Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılır… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗