Vətənim Media xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunan qala gecəsi keçirilib. Tədbirdə Prezident İlham Əliyevin yubiley münasibətilə komitə kollektivinə və paralimpiyaçılara ünvanladığı müraciəti əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev səsləndirib.
Mərasimdə bildirilib ki, Azərbaycan idmançıları doqquz Paralimpiya Oyununda 27 qızıl, 21 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 68 medal qazanıblar. Yubiley tədbirində dövlət və hökumət nümayəndələri, beynəlxalq idman qurumlarının və xarici milli paralimpiya komitələrinin təmsilçiləri, idmançılar iştirak ediblər. Qonaqlara Azərbaycan paralimpiyaçılarının uğurlarını əks etdirən fotosərgi təqdim olunub, komitənin 30 illiyinə həsr edilən poçt markası nümayiş etdirilib.
Komitə prezidenti Hidayət Abdullayev paralimpiya hərəkatının inkişafında dövlət qayğısının rolunu qeyd edib. O, 2026-cı il oktyabrın 16-da imzalanmış sərəncamla bir qrup paralimpiyaçının “Tərəqqi” medalı ilə təltif edilməsini bu dəstəyin nümunəsi kimi göstərib. Tədbir əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanan bədii proqramla davam edib.
Əsas mənbə: APA
