Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurası Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrdə ölkəmizlə bağlı yayılan qərəzli və təhrif olunmuş məlumatlardan narahatlığını bildirib. Şuranın bəyanatında son günlər Azərbaycandakı hadisələrin kontekstdən çıxarılması, daxili məsələlərin siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi təqdim edilməsinin jurnalistika prinsiplərinə zidd olduğu vurğulanıb.
Şura ümumtəhsil məktəblərində vahid geyim qaydasının tətbiqinin təhrif edilərək guya “hicab qadağası” və dini dəyərlərin sıxışdırılması kimi təqdim olunduğunu qeyd edib. Bəyanata görə, köhnə və ya saxta foto-video materiallardan istifadə, eləcə də ayrı-ayrı şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinə aid edilməsi ictimai rəyi yanlış istiqamətə yönəldə bilər.
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycanla bağlı məlumatları etibarlı mənbələrdən yoxlamağa, yanlış məlumatları düzəltməyə və təhqir, böhtan və nifrət ritorikasından çəkinməyə çağırıb. Şura həmçinin iki ölkənin münasibətlərinə zərər vura biləcək manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirəcəyini bildirib.
Əsas mənbə: www.presscouncil.az
