Vətənim Media xəbər verir ki, Azərbaycan Baş Prokurorluğu ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət çağırışlarına dair cinayət işi üzrə istintaqın davam etdiyini bildirib. Qurumun məlumatına görə, Türkiyədə yaşayan yeddi nəfər barəsində həbs qətimkan tədbiri qiyabi seçilib və onlar beynəlxalq axtarışa verilib.
Baş Prokurorluğun bildirdiyinə görə, istintaq materiallarında həmin şəxslərin 25 sentyabr–18 oktyabr tarixlərində internet platformalarında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına yönəlmiş çıxışlar və materiallar yaydıqlarına dair əsaslı şübhələr yer alır. Onlar Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə nəzərdə tutulan əməllərdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Prokurorluğun məlumatına əsasən, şəxslər arasında Rıdvan Kaya və Zəkəriyyə Cəran da var. Kaya 3 oktyabrda İstanbulda Azərbaycan Baş Konsulluğunun, Kaya və Cəran isə 13 oktyabrda Ankaradakı səfirliyin qarşısında keçirilən aksiyalarda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edib və dini radikalizm məzmunlu çıxışlar ediblər. İstintaq və beynəlxalq hüquqi əməkdaşlıq tədbirləri davam edir.
Əsas mənbə: APA
