Vətənim Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat elan edib. 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini başa vuran iddiaçılar xarici dil imtahanına, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili imtahanına qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün iddiaçılar şəxsi kabinet yaratmalı və hər imtahan üzrə 110 manat ödəməlidirlər. Hər iki imtahanda iştirak edəcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ümumilikdə 220 manat ödəyəcəklər. İmtahanların verilməsi dissertasiya müdafiəsinə buraxılmaq üçün məcburi şərtdir.
Xarici dil imtahanının noyabrın 22-də, Azərbaycan dili imtahanının noyabrın 23-də, danışıq blokunun isə noyabrın 26-da keçirilməsi planlaşdırılır. İmtahanlar kompüter vasitəsilə elektron formada təşkil ediləcək.
Əsas mənbə: APA
