Vətənim Media xəbər verir ki, NASA-nın Jet Propulsion Laboratory (JPL) laboratoriyası fəaliyyətinin 90 illiyini gələcək kosmik missiyalarla qarşılayır. Kaliforniya Texnologiya İnstitutunun (Caltech) doktorantları və həvəskarları 1936-cı il oktyabrın 31-də Pasadenada raket mühərriklərini sınaqdan keçirməyə başlayıblar. Hazırda Caltech tərəfindən NASA üçün idarə olunan laboratoriya ABŞ-ın ilk peyki Explorer 1-i 1958-ci ildə orbitə çıxarıb. Peykdəki Geiger sayğacı Yer kürəsini əhatə edən radiasiya qurşaqlarını aşkar edib.
JPL-in 2028-ci ildə Marsa göndərilməsi planlaşdırılan SkyFall missiyası eniş zamanı üç helikopter buraxaraq gizli buz yataqlarını xəritələndirməyi və hava şəraitini təhlil etməyi nəzərdə tutur. Həmin il Ayın Cənub qütbünə böyük pilotsuz uçuş aparatları göndərmək üçün MoonFall missiyasının da həyata keçirilməsi planlaşdırılır. 2027-ci ildə buraxılması nəzərdə tutulan SunRISE missiyası isə Günəşin fəaliyyətini öyrənmək üçün altı kiçik peykdən istifadə edəcək.
Laboratoriyanın Yer, Günəş və təhlükəli asteroidlərin müşahidəsi üzrə layihələri də var. JPL-in keçmiş direktoru Ed Stounun rəhbərlik etdiyi Voyager missiyaları isə ulduzlararası fəzaya doğru səyahətini davam etdirir. NASA-nın məlumatına görə, Voyager 1 noyabrın 18-də Yerdən işığın 24 saatda qət etdiyi məsafəyə — təxminən 26 milyard kilometrə çatacaq.
Əsas mənbə: NASA
