Vətənim Media xəbər verir ki, Fransada etiraz hərəkatları və həmkarlar ittifaqları oktyabrın 31-də kütləvi nümayişlər, noyabrın 5-də isə ümummilli tətil keçirməyə çağırıb. APA-nın Reuters-ə istinadən yaydığı məlumata görə, etirazçılar əməkhaqqı, artan yaşayış xərcləri və dövlət xidmətlərinin vəziyyəti ilə bağlı tələblərlə Prezident Emmanuel Makronun hökumətinə təzyiq göstərməyə çalışırlar.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, oktyabrın 24-də keçirilən aksiyalarda ölkə üzrə 410 min nəfər iştirak edib. İğtişaşların qarşısını almaq üçün 70 min polis səfərbər olunub, 1314 nəfər saxlanılıb, təxminən 50 polis əməkdaşı xəsarət alıb. “Solidaires” həmkarlar ittifaqının həmsədri Muriel Gilber narazılığın artdığını, tələbələrin, işçilərin, yanğınsöndürənlərin və başqa peşə sahiblərinin tələblərinin birləşdiyini bildirib.
2018-ci ildə yanacaq vergilərinə etiraz olaraq yaranan “Sarı jiletlilər” hərəkatı da oktyabrın 31-də aksiyalar keçirməyə çağırıb. Hərəkat bələdiyyə binaları və Milli Assambleyanın qarşısında oturaq aksiyalar planlaşdırır. Reuters-in qeyd etdiyi kimi, Fransanın ağır maliyyə vəziyyəti Makronun tələbləri yerinə yetirmək imkanlarını məhdudlaşdırır. Hökumət həmkarlar ittifaqları və tələbə nümayəndələri ilə danışıqlara başlasa da, təşkilatçılar təklif olunan tədbirləri yetərsiz sayırlar. Etirazlar fonunda Belçika, İtaliya və Albaniyada da hökumət əleyhinə nümayişlər və toqquşmalar qeydə alınıb.
Əsas mənbə: APA
