Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər. Onlar İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququnun dövlət səviyyəsində təmin edilməsini istəyiblər.
Müraciətdə orta və ali məktəblərdə Azərbaycan dilində tədris aparılması üçün məktəblərin açılmasına, bu dildə qəzet və jurnalların çapına, eləcə də elmi və bədii əsərlərin nəşrinə şərait yaradılması vacib sayılıb. Alimlər İranın Azərbaycan dilində tədris aparılacaq məktəblərini dərslik və başqa nəşrlərlə təmin etməyə, dövlətlərarası razılaşma olacağı halda həmin məktəblərdə təmənnasız dərs deməyə hazır olduqlarını bildiriblər.
Müraciətdə Pezeşkianın Azərbaycan dilində çıxışları və azərbaycanlılarla ana dilində ünsiyyəti müsbət qiymətləndirilib. Alimlər bu hüquqların təmin edilməsinin İranda yaşayan azərbaycanlıların Konstitusiya ilə müəyyən edilmiş hüquqlarının gerçəkləşməsi baxımından da əhəmiyyətini vurğulayıblar.
Əsas mənbə: APA
