Vətənim Media xəbər verir ki, 8 Noyabr – Zəfər Günü Cəbrayıl şəhərində qeyd edilib. Tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib. İştirakçılar arasında şəhid ailələrinin üzvləri, dövlət qurumlarının nümayəndələri və ətraf rayonların sakinləri olub.
Tədbirdə məktəblilərin və yerli sakinlərin əl işləri sərgilənib. Sərgi iştirakçıları ilə Zəfər tarixinin əhəmiyyəti, vətənə sevgi və milli birlik mövzularında söhbətlər aparılıb. Şəhid ailələrinin üzvləri ilə görüşdə onların qayğıları dinlənilib.
Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə konsert proqramı təqdim olunub. Vətən müharibəsi iştirakçısı və qazi Məbud Əhmədovun ifaları ilə yanaşı, məktəblilər rəqs və bədii qiraət nümunələri göstəriblər.
Əsas mənbə: APA
