Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq, iqtisadi-ticari və enerji əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
İlham Əliyev İtaliyanın Azərbaycanın enerji sahəsində əsas ticarət tərəfdaşlarından biri olduğunu, Azərbaycan şirkətlərinin İtaliya bazarında fəaliyyət göstərdiyini bildirib. Tərəflər İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə və oktyabrda Romada imzalanan kritik xammal üzrə strateji əməkdaşlıq bəyannaməsinin əhəmiyyətinə də toxunublar.
Görüşdə müdafiə, kənd təsərrüfatı, sənaye, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat bağlantıları müzakirə edilib. Tərəflər bölgədəki proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və TRIPP layihəsi barədə də fikir mübadiləsi aparıblar. Tayani Azərbaycanın regional sabitlik baxımından İtaliya üçün əhəmiyyətini vurğulayıb və ölkəsinin Azərbaycan-Avropa İttifaqı, eləcə də Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.
Əsas mənbə: APA
