Vətənim Media xəbər verir ki, İspaniyanın “Marca” nəşrinin məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı mübahisədə Mərakeş millisinin xeyrinə qərar verəcək. Nəşr qərarın çərşənbə axşamı rəsmən elan olunacağını yazıb.
Finalda Seneqalın qolu VAR yoxlamasından sonra ləğv edilib, ardınca Mərakeşin lehinə penalti təyin olunub. Buna etiraz edən Seneqalın baş məşqçisi Pap Tyav futbolçuları meydandan çıxarıb. Komanda 15 dəqiqə sonra qayıdıb; qapıçı Eduar Mendi Braim Diasın penalti zərbəsini dəf edib. Əlavə vaxtda Pap Geye Seneqalın qolunu vurub.
Afrika Futbol Konfederasiyası daha sonra meydanı özbaşına tərk etdiyinə görə Seneqala texniki məğlubiyyət verib və Mərakeşi çempion elan edib. Seneqal Futbol Federasiyası qərardan CAS-a şikayət edib. “Marca”nın yazdığına görə, məhkəmə çərşənbə axşamı Mərakeşin xeyrinə qərar çıxaracaq.
Əsas mənbə: APA
