Vətənim Media xəbər verir ki, Neftçala rayon sakini Rauf Dadaşov dələduzluqda ittiham olunaraq həbs edilib. APA-nın məlumatına görə, o, özünü vəzifəli şəxs kimi təqdim edib və tanışları vasitəsilə dövlət strukturunda işə düzəltmək, cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azadlığa buraxdırmaq kimi vədlər verib.
İttihama əsasən, Dadaşov “İpək yolu” MMC-nin vəzifəli şəxsi barəsindəki məhkəmə işində bəraətə nail olmaq və şirkətin audit yoxlamasının nəticəsini onun xeyrinə dəyişmək vədi ilə 70 min manat olmaqla iki dəfə pul alıb. O, zərərçəkmişlərə ümumilikdə 200 min manata yaxın ziyan vurmaqda ittiham olunur. İstintaq dövründə ziyanın 67 min 500 manatı ödənilib.
Dadaşova Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə məsuliyyət nəzərdə tutan 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə məhkəmə prosesinin yaxın vaxtlarda başlanacağı bildirilir.
Əsas mənbə: APA
