Vətənim Media xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib. Şirkətin məlumatına görə, milli aviadaşıyıcı il ərzində 55 istiqamət üzrə 35 mindən çox reys həyata keçirib və 4 milyondan artıq sərnişin daşıyıb. Bu göstərici 2028-ci il üçün planlaşdırılan sərnişindaşıma həcminə hesabat ilində çatıldığını göstərir.
Hesabatda AZAL-ın, hava limanlarının və aeronaviqasiya xidmətlərinin fəaliyyəti əhatə olunub. “Azərbaycan Hava Yolları” Avropa İttifaqı ölkələrinə uçuşlarda 2 faiz dayanıqlı aviasiya yanacağı olan qarışığın istifadəsinin karbon qazı emissiyalarını təxminən 800 ton azaltdığını bildirib. Donanmaya qoşulan iki “Airbus A320neo” təyyarəsi isə baza göstəriciləri ilə müqayisədə emissiyaları təxminən 9,2 min ton azaltmağa imkan verib.
Hava limanları şəbəkəsi il ərzində 8,6 milyon sərnişinə xidmət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportundan 7,64 milyon sərnişin istifadə edib; bu, aeroport tarixində ən yüksək illik göstəricidir. “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin xidmət göstərdiyi uçuşların sayı 10,5 faiz artaraq 342 167-yə çatıb.
Əsas mənbə: APA
