Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmmədşərif Həbibulla oğlu Həmidov — həyatı və yaradıcılığı.
Məmmədşərif Həbibulla oğlu Həmidov 1917-ci il fevral ayının 23-də Şəki şəhərində doğulub. 1929-cu ildən Nuxanın (Şəki) İpəksarma müəssisələrində, 1937–1940-cı illərdə Şəki komsomol və partiya komitələrində çalışıb. 1940-cı ildən sovet ordusunda xidmət edib. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub. 1945-ci ildə Ali zabitlər məktəbini bitirib. Hərbi təhsilini başa vurduqdan sonra, 1949–1956-cı illərdə Xaçmaz rayon hərbi komissarlığında şöbə rəisi, 1956–1960-cı illərdə Bakı şəhərinin Hərbi Komissarı vəzifələrində çalışib.
O, 1960-cı ildə ADU-nun Tarix fakültəsini bitirib. 1960–1969-cu illərdə Azərbaycan SSR-in Hərbi Komissarı olub. Məmmədşərif Həmidov 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilib.
Hərbi xadim, general-mayor Məmmədşərif Həbibulla oğlu Həmidov 1969-cu ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, onun faciəvi şəkildə həlak olduğu yerdə- Goranboy-Gəncə avtomobil yolunun kənarında xatirə abidəsi qoyulub.
Bakı şəhərində onun adını daşıyan küçə, gəmi, Şəkidə isə məktəb var… ALLAH RƏHMƏT ELƏSİN!
