Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İlya Moiseyeviç Safonov 23 sentyabr 1909-cu ildə indiki Krasnodar diyarının Kurqaninsk ra….
İlya Moiseyeviç Safonov 23 sentyabr 1909-cu ildə indiki Krasnodar diyarının Kurqaninsk rayonundakı Mixaylovskaya stanitsasında kəndli ailəsində doğulub. Milliyyətcə rusdur. Natamam orta təhsil alıb. 1928-ci ildə Bakıya gəlib.
Xaçmaz rayonunda, daha sonra isə yanğından mühafizə idarəsində sürücü işləyib. 1931–1933-cü illərdə müddətli hərbi xidmət keçib. Tərxis olunduqdan sonra Bakıya qayıdıb. 1942-ci ildə Xaçmaz rayon hərbi komissarlığı tərəfindən yenidən orduya çağırılıb. 1943-cü ildə kiçik leytenantlar kursunu bitirib. 1942-ci ilin fevralından işğalçılara qarşı döyüşlərdə iştirak edib. Döyüş yoluna Mius çayı üzərində başlayıb. 320-ci atıcı diviziyasının 478-ci atıcı alayının tərkibində döyüşərək Dnepr çayına qədər irəliləyib.
Minaatan tağımına, daha sonra isə 82 mm-lik minaatanlar bölüyünə komandirlik edib. Ukraynanın sol sahilində gedən döyüşlərdə fərqləndiyinə görə «İgidliyə görə» və "Döyüş xidmətlərinə görə" medalları ilə təltif olunub. Düşmənin Nikopol dayaq məntəqəsinin ləğv edilməsi və 1944-cü ilin fevral–mart aylarında aparılan hücum döyüşlərində xüsusilə fərqlənib.
Ukraynanın Zaporojye vilayətindəki Rubanovka kəndi ərazisində gedən döyüşlərdə leytenant Safonovun minaatan bölüyü atıcı bölmələrlə birlikdə düşmənin əks-hücumunu dəf edib və onun canlı qüvvəsinə və texnikasına ciddi zərər vurub. 8 fevral 1944-cü ildə o, öz bölüyü ilə birlikdə Dnepr çayını Xerson vilayətinin Severniye Kayrı kəndi yaxınlığında ilk keçənlərdən biri olub və digər bölmələrin çayı keçməsini atəş dəstəyi ilə təmin edib. Öz batalyonu ilə birlikdə korpus hissələrinin Dneprin sağ sahilinə keçməsi üçün dayaq məntəqəsi yaradıb. 9 fevralda növbəti əks-hücumun dəf edilməsi zamanı düşmən minaatan bölüyünün atəş mövqelərinə yaxınlaşdıqda, Safonov şəxsən döyüşçüləri hücuma qaldırıb. Hücumu davam etdirərək mart ayında Nikolayev vilayətinin Daryevka kəndi yaxınlığında İnqulets çayını keçib.
Minaatanlardan açdığı atəşlə böyük bir alman hərbi qrupunu məhv edib və bununla alayın atıcı bölmələrinin qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirməsinə kömək edib. Ümumilikdə döyüşlər zamanı leytenant Safonovun minaatan bölüyü, 530 alman hərbçisini məhv edib, 272 əsgər və 9 zabiti əsir götürüb, 37 pulemyotu məhv edib, 7 topu sıradan çıxarıb, 15 avtomobili məhv edib, sursat anbarını partladıb. Bu döyüşlərə görə leytenant Safonov Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunub.
Həmçinin fevral döyüşlərinə görə "III dərəcəli Boqdan Xmelnitski" ordeninə təqdim edilib və Aleksandr Nevski ordeni ilə təltif olunub. Sonrakı döyüşlərdə baş leytenant Safonov yenidən fərqlənib. 25 aprel 1944-cü ildə Dnestr çayının keçilməsi zamanı öz minaatanlarının atəşi ilə 5 atəş nöqtəsini susdurub və 50-yə qədər alman hərbçisini məhv edib. Buna görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 iyun 1944-cü il tarixli fərmanı ilə leytenant İlya Moiseyeviç Safonova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Ona Lenin ordeni və "Qızıl Ulduz" medalı təqdim edilib. 1948-ci ildən kapitan İ.
M. Safonov ehtiyatda olub. Bakıya qayıdıb.
Bakı aeroportunda daşımalar şöbəsinin rəisi işləyib. 17 mart 1967-ci ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub…
