Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Münəvvər Kələntərli — həyatı və yaradıcılığı.
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda doğulub. Kiçik qardaşı Cabbar İkinci dünya müharibəsindən geri qayıtmayıb. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də öz yanına gətirib.
Haşım Kələntərli həm el mahnılarının, həm də muğamların mahir ifaçısı olub. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edir. Dayıları Yavər Kələntərli onların istedadlarının fərqində olub və xüsusən Münəvvərə oxuması üçün icazə verib.
1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəlcə Opera Teatrında, sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. "O olmasın, bu olsun", "Gözün aydın", "Qızılaxtaranlar", "Ulduz" tamaşalarında aparıcı obrazlarla çıxış edib. 1941-1945-ci illər müharibəsi zamanı digər sənət adamları ilə birgə səngərlərə, hospitallara gedib. 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunub.
Bundan sonra teatrdan çıxıb, ancaq filmlərə çəkilib. “Arşın mal alan”, "Bəxtiyar”, "Görüş”, "Qızmar günəş altında”, "O olmasın, bu olsun” kimi maraqlı filmlərə çəkilən aktrisa kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib.
Ona görə də Adil İsgəndərov deyərmiş ki, "Mina, bu camaat, çəkliş qrupu ən çox səninlə istirahət edir”. Aktrisa 25 yaşında Ənvər adlı ləzgi əsilli şəxs ilə ailə qurur. Bu evlilikdən onların Validə adlı qızları doğulur.
Lakin, bu izdivacın ömrü uzun olmur. Onların ayrılmasına səbəb isə həyat yoldaşının Bakıda yox, Qusarda yaşamaq istəyi olur. Aktrisa isə "Mən sənətimi atıb, heç yerə gedə bilmərəm", deyib qızı ilə birgə Bakıda qalır.
Münəvvər həyat yoldaşından ayrılandan sonra ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Həmişə "mənim ərim də var, qızım da” deyir. Hüquqşünas olan qızı Validənin şəkəri yüksək olduğu üçün doğuş vaxtı uşağı tələf olur.
Bundan sonra Validə həyat yoldaşından ayılır. O, da anası kimi bir daha ailə qurmur və anası ilə eyni yaşda – ömrünün 51-ci ilində şəkər xəstəliyindən dünyasını dəyişir. Anasının yanında dəfn olunur.
Münəvvər Kələntərliyə yaxınları, dostları Mina deyə müraciət ediblər. Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova ilə rəfiqəlik edib. Aktrisa sonralar Nəsibə Zeynalova ilə dostluq edib.
Nəsibə xanım hər zaman Münəvvər Kələntərlini öz müəlliməsi adlandırıb. "O olmasın, bu olsun" filmindəki məşhur epizodda, gəlinin yengəsini ifa edən aktrisa qapı açılan zaman həqiqətən də yerə yıxılır və barmağı sınır. Buna baxmayaraq işinə davam edir.
Həmin səhnə çəkilən zaman aktrisa əslində ağrıdan ağlayır. Münəvvər bütün kinolarda öz paltarlarında çəkilib. Hətta "Arşın mal alan”ın birinci variantı çəkilən zaman o, Lənkərandan çoxlu pal-paltar gətirib, aktyorları geyindirib.
Kino sənətinə Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu məşhur əsərini mənimsəməyə cəhd etdikləri bir vaxtda Stalinin icazəsiylə başlanır.
Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimi idi. Xala obrazına təsdiq edilən filmə çəkiləndə Münəvvər Kələntərlinin 31 yaşı olub. Bu roluna görə SSRİ dövlət mükafatına görülür.
Bacısı qızı Nanə Kələntərli müsahibələrinin birində deyir: “Minanın kor bağırsağı ağrıyırdı. Çəkiliş olmalı idi. Həmin vaxt ağrısının tutacağından çəkinib əməliyyata girdi.
Təəssüf ki, əməliyyatdan 2 gün sonra dünyasını dəyişir. O zaman Mina deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi.
Namizədlikdən keçmişdi, amma biz qəzeti gətirəndə əməliyyata görə artıq başı yaxşı işləmirdi, hallüsinasiyalar görürdü”. Aktrisanı əməliyyat edən həkim böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib.(mənbə:kulis.
az) 1963-cü il fevralın 5-də, 51 yaşında Bakıda dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub… RUHU ŞAD OLSUN!
