Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əslən Qarabağlı olan Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə doğulub..
Əslən Qarabağlı olan Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə doğulub. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib.
Ailədə 3 uşaq olublar. Ən böyük övlad Ənvər Behbudov, ortancıl Nəcibə Behbudova, evin kiçiyi isə Rəşid Behbudov olub. Nəcibə 6 yaşında Tiflisdəki əmək məktəbinə gedib. 9 yaşında Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub.
Məktəbi 1930-cu ildə bitirib. 1931-ci ildə Bakıya gəlib və Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib. Hətta konsertlərdə müğənni kimi çıxış edib. 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb.
Bir müddətdən sonra M. F. Axundov adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub.
İkinci dünya müharibəsi başlananda onun həyat yoldaşı müharibəyə gedib. Bir müddət sonra isə aktrisa ərinin qara kağızını alıb. Nəcibə xanımın bu evlilikdən heç bir övladı olmayıb. 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb.
Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Ömrünün sonuna kimi bu teatrda çalışıb. “Bəyin oğurlanması”nda Bibixanım, “Ulduz”da Tamam xala, “Fəryad” filmində erməni axçısı kimi obrazlarla yadda qalan aktrisa dünya şöhrətli müğənni Rəşid Behbudovun böyük bacısıdır.
1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub. Rus Dram Teatrında işləyən teatr rejissoru Ağaəli Məstanovla ailə həyatı qurub. Bu evlilikdən oğlu Cəfər və qızı Firuzə dünyaya gəlib.
Oğlu Cəfər Behbudov vaxtilə Azərbaycan estrada sənətində parlayan ifaçılardan olsa da, sonradan Ukraynaya köçüb və orada yaşayıb. Cəfər Behbudov iki dəfə evli olub, Viktoriya və Səidə adlı qızları var. Müğənni 2019-cu il sentyabrın 26-da Ukraynada dünyasını dəyişib.
Aktrisanın qız nəvəsi Ülviyyə Ələkbərova Nəcibə Behbudovanın son anlarına kimi yanında qalan yeganə şəxs olub. O deyirdi ki, təəssüf ki, bacı-qardaşım nənəmi görməyiblər. Əvvəlcə anam, mən və nənəm birlikdə eyni evdə qalırdıq.
Anam ikinci dəfə ailə həyatı qurandan sonra evdə yalnız ikimiz yaşamağa başladıq-nənəm və mən. O, mənim anam, atam, hər şeyim idi… Aktrisanın Ağaəli Məstənovla qurduğu ikinci ailə həyatı uğursuz olub.
O, həyat yoldaşı ilə yola getmirmiş. Onlar müəyyən müddətdən sonra yollarını ayırıblar. Aktrisa onunla olan şəkillərinə baxanda əsəbiləşirmiş.
Ayrılıqlarına səbəb kimi isə həyat yoldaşının sevgi macərası yaşamasını əsas gətirib. Hətta keçmiş əri ilə olan şəkillərdən özü olan hissəsini kəsib çıxarırmış. Nəvəsi Ülviyyə Ələkbərovanın sözlərinə görə nənəsinin Rəşid Behbudovla münasibəti hər zaman yaxşı olub.
Nəcibə xanım qardaşı Rəşidi çox istəyib və aralarında heç zaman problem olmayıb. Ancaq qardaşı ilə hər görüşündə oğlu Cəfərə kömək etməsini xahiş edib. Oğlu Azərbaycanı tərk edəndən sonra o, həmişə onun geri qayıtmasını istəyib.
Hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi oğlunun yolunu gözləyib. Aktrisa kinoteatrda hind filmlərini izləməyi xoşlayıb.
Məşhur hind aktyoru Rac Kapuru çox sevib. Evdə ən çox qardaşı Rəşid Behbudovun mahnılarını oxuyub. Qardaşı rəhmətə gedəndə çox üzülüb, tənha qaldığını deyib.
Sonralar televiziyada Rəşidi görəndə ağlayırmış. Ona kimsə “ağlama” deyəndə, “dözə bilmirəm, onun yoxluğuna alışa bilmirəm” – deyirmiş. Son zamanlarda aktrisanı filmlərə ancaq Ceyhun Mirzəyev dəvət edib.
Hətta yaxınlarının sözlərinə görə Nəcibə xanım uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası olduğu halda, teatrda işləyən bütün aktyorların şəkli divardan asılsa da, aktrisanın şəkli ora vurulmayıb. Aktrisa iki dəfə insult keçirib. Birinci dəfə sağalsa da, ikincidə xəstəliyə məğlub olub. 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib.
Yasamal qəbiristanlığında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
