Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda doğulub..
Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda doğulub. Qızlıq soyadı İsmayılovadır. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub.
Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb.
Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olub, bir-birindən maraqlı və rəngarəng obrazlar yaradıb. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması"), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır. Milli koloriti həmişə əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar davranış tərzini dərindən mənimsəyib.
Mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla reallaşdırıb. Bu baxımdan Kruçinina, Larisa ("Günahsız müqəssirlər" və "Cehizsiz qız", Aleksandr Ostrovski), Liana ("Bostan iti", Lope de Veqa), Xanuma ("Xanuma", Avksenti Saqareli) rollarını məharətlə oynayıb. Uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa geniş imkan yaradırdı.
Sofiya xanım Zaqatala teatrında çalışdığı illərdə əsas rolların ifaçısı olan Xalq artisti Məlik Dadaşovla tanış olur. Bir çox tamaşalarda tərəf müqabili olan iki gənc sənətçi arasında sevgi münasibətləri yaranır və bu münasibət evliliklə nəticələnir. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir.
Amma bu ailənin ömrü uzun olmur. Bir müddət Bakıda yaşayan cütlük 1955-ci ildə ayrılmaq qərarına gəlir. Sofiya Hüseynova balaca Rafaeli də götürüb Naxçıvana – doğma teatra qayıdır.
Bəzi mənbələrdə Məlik Dadaşovun Sofiyadan olan oğlu Rafaelə sahib çıxmadığı yazılır. Təkbaşına övlad böyüdən gənc aktrisa dayanmadan çalışır, qastrol səfərlərinə gedir. Rafaelə vaxt ayıra bilmir.
Uşaq nənəsi, Əməkdar artist Xədicə Qazıyevanın himayəsində böyüyür. Rafael Dadaşov anası ilə bağlı xatirələrində deyirdi: “Anamdan çox nənəmin yanında olmuşam.” İkinci evliliyi də Sofiya Hüseynovaya xoşbəxtlik gətirmir.. Həyat yoldaşı xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında dünyasını dəyişir.
Həyat onu iki atasız övlad böyütməklə sınağa çəkir. 1982-ci ildə Xalq artisti adına, 1996-cı ildə "Şöhrət" ordeninə layiq görülən aktrisa 30 iyul 2015-ci ildə, 89 yaşında Naxçıvanda vəfat edib… RUHU ŞAD OLSUN!
