Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda doğulub..
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda doğulub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləyib, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olub.
1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru vəzifəsində çalışıb. 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilib. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini-Dövlət Plan Komitəsinin sədri, 1985-ci ildən isə Azərbaycan SSR Ali Soveti sədrinin müavini olub. 1981–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1986-cı ildən Mərkəzi Komitənin üzvü idi. 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub, 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990-cı il may ayının 18-də Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR Prezidenti vəzifəsinə seçilib.
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nın və Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü olub. 1991-ci ilin avqustunda Moskvada SSRİ prezidenti Mixail Qorbaçova qarşı baş verən "Avqust qiyamı"nı dəstəkləyən az sayda respublika rəhbərlərindən biri də Ayaz Mütəllibov idi, lakin 2016-cı ildə verdiyi müsahibədə Mütəllibov bunu inkar edərək çevrilişi dəstəkləmədiyini deyib. 1991-ci il sentyabrın 8-də keçirilən ümumi seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident seçilməsinə baxmayaraq AXC hərəkatının təzyiqi nəticəsində Ayaz Mütəllibov Ali Soveti buraxır, Milli Məclis təşkil edilir, 50 nəfərlik deputat yerlərinin yarısı müxalifətə verilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Milli Məclisdə xalqın dəstəyini qazanan müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir və 1992-ci il martın 6-da o, istefa verir.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Buna baxmayaraq, müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayır. 2003-cü il Azərbaycanda prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də MSK təsdiq etmir. 2012-ci ildə yenidən Azərbaycan qayıdır. Ayaz Mütəllibov 1999–2003-cü illərdə Vətəndaş Birliyi Partiyasının sədri, 27 avqust 2003-cü ildən Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub.
Partiyanın 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan edir. Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılmışdı. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham etmişdi.
Onun bir neçə kitabını diqqətinizə çatdırırıq: Yolumuz milli birlik və əməkdaşlıq yoludur, 1990. Xalqın müqəddəratı üçün məsuliyyət hissi ilə, 1990. 7 ilin 70 anı.
Hadisə, fakt, şərh. 2011. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat edib. Sabiq prezident I Fəxri Xiyabanda dəfn olunub…
ALLAH RƏHMƏT ELƏSİN!
