Bəhram bəy İsmayıl bəy oğlu Hüseynzadə — həyatı və yaradıcılığı

Şrift
Bəhram bəy İsmayıl bəy oğlu Hüseynzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bəhram bəy İsmayıl bəy oğlu Hüseynzadə — həyatı və yaradıcılığı.

Bəhram bəy İsmayıl bəy oğlu Hüseynzadə 1901-ci il martın 4-də Şamaxıda doğulub. 1913-1918-ci illərdə Şamaxı Real Məktəbində, 1918-1919-cu illərdə isə Bakı Real Məktəbində təhsil alıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulan dövrdə Bəhram bəy AXC Daxiliyyə Nazirliyinin dəftərxanasında idarə məmuru işləyib. Azərbaycan Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib.

Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub. Bəhram bəy də xaricdə ali təhsil almaq üçün seçilmiş tələbələrdən biri olub.

Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar.

Bəhram bəy Almaniyaya gedib və orada Darmştadt Texniki Universitetində elektrik mühəndisliyi üzrə təhsil alıb. 1927-ci ildə təhsilini başa vurub və Azərbaycana qayıdıb. Azərbaycan SSR-yə qayıtdıqdan sonra Gəncəyə göndərilib. 1927–1935-ci illər arasında Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun fəhlə fakültəsinin müdiri və mahud kombinatının baş mühəndisi işləyib. 1935-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb və "Azərenerji"də işləməyə başlayıb. Azərbaycanda Stalin repressiyaları dövründə, 1938-ci il aprelin 1-də XDİK tərəfindən həbs olunub.

Əvvəlcə ona ömürlük həbs cəzası verilsə də daha sonra bu hökm ləğv edilib və o 25 il müddətinə Sibirə sürgün olunub. Bəhram bəy İkinci Dünya müharibəsi başladıqdan sonra istintaq üçün Bakıya gətirilib. Yenidən mühakimə olunub və 1942-ci ildə ona ölüm hökmü verilib. 1 ay sonra ölüm hökmü 20 il həbs cəzası ilə əvəz olunub və o yenidən sürgün edilib.

Müharibə bitdikdən sonra bir müddət Kuybışevdə saxlanılıb. Orada tikilən elektrik stansiyasında işləyib. Daha sonra Krasnoyarsk diyarına göndərilib və orada da elektrik stansiyasının tikintisində işləyib.

1954-cü ildə sürgündən azad olunub və Bakıya qayıdıb. Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında baş energetik işləyib. 1957-ci il mayın 11-də bəraət alıb. Bəhram bəy 1960-cı illərdə Bakıda vəfat edib.

Ölüm tarixi ilə bağlı fikirlər müxtəlifdir. Ədalət Tahirzadə və Oğuztoğrul Tahirlinin yazdıqları "Azərbaycan Cümhuriyyəti tələbələri" kitabında Bəhram bəyin ölüm tarixi 1965-ci il oktyabrın 16-ı kimi göstərilib. Azər Turan isə yazdığı "Əli bəy Hüseynzadə" və "Darülmöminin" kitablarında Bəhram bəyin 1967-ci ildə mədə xərçəngindən vəfat etdiyini yazıb.

Bəhram bəy Almaniyada tələbə olduğu dövrdə Luiza Held Bernar ilə sevgili olub. 1928-ci ildə Luiza xanım Gəncəyə gəlib və Bəhram bəy onunla ailə qurub. Bu evlilikdən 1929-cu il yanvarın 13-də Rayana adlı qızları dünyaya gəlib. Stalin repressiyaları dövründə SSRİ-də xarici ölkə vətəndaşlarının yaşamağına müəyyən qadağalar qoyulduğu üçün Almaniya vətəndaşlığı olan Luiza xanım təqiblərə məruz qalıb.

Bu təqiblərdən qurtulmaq üçün Bəhram bəy və Luiza xanım boşanıblar. 1938-ci il yanvarın 13-də Luiza xanım Almaniyaya geri qayıdıb. Qızları Rayana SSRİ vətəndaşı olduğu üçün onun anası ilə birlikdə Almaniyaya aparılmasına icazə verilməyib. Luiza xanım 1968-ci ildə Almaniyada vəfat edib.

Bəhram bəy sürgündən qayıtdıqdan sonra ikinci dəfə evlənib. O, 1956-cı ildə məşhur tarixçi alim və şərqşünas, Azərbaycan SSR əməkdar elm xadimi və Dövlət mükafatı laureatı Sara xanım Aşurbəyli ilə ailə qurub… ALLAH HƏR İKİSİNƏ RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗