Oqtay Əfəndiyev — həyatı və yaradıcılığı

Şrift
Oqtay Əfəndiyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Oqtay Əfəndiyev — həyatı və yaradıcılığı.

Oqtay Əfəndiyev 1926-cı il martın 26-da Bakıda doğulub. Moskva Şərqşünaslıq İnstitutunda və SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. 1955-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1993-cü ildə professor elmi adını alıb. 60 ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışıb. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü olub. O.

Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut edib. Azərbaycan tarixi üzrə 10-a qədər ümumiləşdirici əsərin yazılmasında yaxından iştirak edib, 7 cildlik "Azərbaycan tarixi"nin 3-cü cildinin məsul redaktoru və əsas müəlliflərindən olub.

Aazərbaycan, türk, rus, ingilis, fransız, fars və s. dillərdə 200-dək elmi və ensiklopedik məqalə,tarixi xəritə və s. nəşr etdirib.

Bu əsərlərin 50-dən çoxu respublikamızdan kənarda (Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Fransa, İngiltərə, ABŞ və s.) çap olunub. Sankt-Peterburq, Moskva, Almatı, Tiflis, Suxumi, Batumi, London,İstanbul, Kayseri, Ankara, Bodrum, Bağdad və s. şəhərlərdə keçirilən elmi toplantılarda oxuduğu məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil edib.

O, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Şirvanşahlar dövlətlərinə dair məqalələrin də müəllifidir. Azərbaycan tarixinə dair farsdilli mənbələrə, Osmanlı qaynaqlarına aid məqalələri ilə neçə-neçə öyrənilməmiş və diqqətdən kənarda qalmış ilkin məxəzləri elmi ictimaiyyətə tanıdıb. Alimin XIII–XVII əsrlərdə Bakıda neft hasilatı, XV–XVI əsrlərdə Azərbaycanda feodal torpaq mülkiyyəti formaları, soyurğal təsisatı, tamğa vergisi, monqol-tatar yürüşlərindən sonra Orta Şərqdə oturaq və köçəri əhali qrupları və s.

haqqında məqalələri Azərbaycanın və bütövlükdə Şərq aləminin sosial-iqtisadi tarixi üzrə problemlərin öyrənilməsinə həsr olunub. O. Əfəndiyevin Qarabağın, Gəncənin, Şirvanın, Təbrizin, Ərdəbilin tarixinə dair araşdırmaları var.

O. Əfəndiyev "Azərbaycan Sovet Ensiklopediyası"nın, Moskvada dərc edilmiş çoxcildlik "SSRİ tarixi"nin və "Sovet Tarix Ensiklopediyası"nın, İstanbulda yayımlanmış "İslam Ensiklopediyası"nın müəlliflərindəndir. "Azərbaycan Milli Ensiklopediyası"nın redaksiya heyətinin üzvü idi.

AMEA Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinə rəhbərlik edən O. Əfəndiyev 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirib. O, bir müddət həm də pedaqoji fəaliyyətlə məşğul olub, Bakı Dövlət Universitetində və Türkiyənin Mərmərə Universitetində mühazirələr oxuyub. 1994–2004-cü illərdə Xəzər Universitetində çalışıb, burada fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru olub.

2006–2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının sədri olub. O. Əfəndiyev xarici ölkələrdə ən çox istinad olunan tarixçilərimizdən biridir.

Oqtay Əfəndiyevin atası Əbdülkərim Yusif oğlu Qori müəllimlər seminariyasını bitirib, bir neçə il ərzində doğma yurdu Göyçay bölgəsində müəllimlik edib. Tarix elminə və Şərq dillərinə yiyələnmək üçün Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Azərbaycan Pedaqoji İnstitutunda tarix və coğrafiya elmləri üzrə mühazirələr oxuyub.

Ölkəmizin bir çox tanınmış alimləri (akademik Ə. S. Sumbatzadə, tarix elmləri doktoru, professor M.

X. Şərifli və b.) Əbdülkərim Yusif oğlunun tələbələri olublar. Əbdülkərim Yusif oğlu 38 yaşında vəfat edib.

Atası dünyasını dəyişərkən Oqtay Əfəndiyevin cəmi 8 yaşı var idi. Oqtay Əfəndiyev anası Kübra xanımın, dayısı Rəsul Rzanın himayəsi altında tərbiyə və təhsil alıb. Oqtay Əfəndiyevin anası Kübra xanımın Azərbaycanda tibb elminin, səhiyyənin inkişafında mühüm rolu olub.

Tanınmış Azərbaycan şairi Rəsul Rza Oqtay Əfəndiyevin dayısıdır. Oqtay Əfəndiyev 2013-cü il fevral ayının 26-dan 27-nə keçən gecə, 87 yaşında Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗