Rəhimov Kamran Nəbi oğlu — həyatı və yaradıcılığı

Şrift
Rəhimov Kamran Nəbi oğlu — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rəhimov Kamran Nəbi oğlu — həyatı və yaradıcılığı.

Rəhimov Kamran Nəbi oğlu 1928-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində doğulub. Qeyri-adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə qəbul edilib. 1945-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra universitetin yeni tarix kafedrasında baş müəllim kimi saxlanılıb.

1954-cü ildə Partiya Tarixi İnstitutunun aspiranturasına qəbul olunub, Azərbaycan KP MK-nın nəzəri-siyasi jurnalı olan "Azərbaycan kommunisti"nə şöbə müdiri vəzifəsinə göndərilib. 1959–1962-ci illərdə baş redaktorun müavini, 1962-ci ildən 1975-ci ilə qədər baş redaktor vəzifəsində çalışıb. 1958-ci ildə namizədlik, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin böyük elmi şurasında, 1967-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyasının plenumunda doktorluq dissertasiyası müdafiə edib. Moskvanın, keçmiş müttəfiq respublikaların və bir sıra digər ölkələrin mətbuat orqanlarında aktual nəzəri mövzularda məqalələrlə çıxış edib.

Azərbaycan Respublikasında yeganə alimdir ki, Moskvanın "Kommunist" jurnalında iki dəfə nəzəri-elmi məqaləsi dərc olunub. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi işlədiyi dövrdə (1975–1983) sənaye obyektləri, meyvə və üzüm bağları, heyvandarlıq kompleksləri, Naxçıvan, Ordubad şəhərlərində, Şahbuz qəsəbəsində, vilayətin bir çox kəndlərində mədəniyyət sarayları tikilib istifadəyə verilib. Bütün rayonlarda ölkəşünaslıq muzeyləri yaradılıb, tariximizin qədim yadigarlarının ermənilər tərəfindən oğurlanıb aparılmasının qarşısı alınaraq eksponatlar həmin muzeylərdə cəmləşdirilib.

1983-cü ildə professor Kamran Rəhimov Azərbaycan Respublikasının xalq maarifi naziri vəzifəsinə təyin edilib. Erməni və gürcü məktəblərində Azərbaycan tarixinin, Azərbaycan dilinin, ədəbiyyatının, coğrafiyasının tədris edilməsi məsələsini gündəmə gətirib. SSRİ Nazirlər Sovetinin 1962-ci il tarixli 230 nömrəli qərarına istinad edərək, erməni və gürcü məktəblərində həmin fənlərin tədris edilməsi haqqında göstəriş verilib, bu dərsliklərin erməni və gürcü dillərinə tərcümə edilməsinə başlanılıb.

Yuxarı siniflər üçün "Azərbaycan tarixi" erməni dilinə tərcümə edilərək erməni məktəblərinə göndərilib. 1986-cı ildə SSRİ maarif işçiləri nümayəndə heyətinin rəhbəri kimi Belçikada olarkən ümumi təhsilin vəziyyəti, müəllim kadrların hazırlanması prosesi ilə ətraflı maraqlanıb. Belçika məktəblərinin kompüterləşdirilməsi onun diqqətini xüsusilə cəlb edib və ölkədə keçirilən məktəb islahatında tədris ocaqlarının kompüterləşdirilməsi öz əksini tapıb.

Maarif Nazirliyinin tikinti tresti yanında müvafiq mütəxəssislərdən ibarət qrup yaradılır və həmin qrup lazımi avadanlıqlarla təchiz olunur, müəllimlər üçün kurslar təşkil edilir. Qısa müddətdə bir çox ümumtəhsil məktəblərində Yaponiyadan və Moskvadan gətirilmiş kompüterlər quraşdırılır. Bakı Radio Zavodunun orta məktəblər üçün kompüter istehsalı üzrə ixtisaslaşdırılması məsələsi qaldırılır.

Bu təşəbbüs bəyənilərək müvafiq qərar qəbul edilir, Bakı kompüterinin ilk nümunəsi hazırlanır. 1988-ci ildə respublikanın Maarif, Ali və Orta İxtisas Təhsili nazirlikləri, Texniki Peşə Təhsili Komitəsi vahid bir qurumda birləşdirilərək, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi yaradılır. Yeni nazirliyin strukturu müəyyənləşdirilərkən professor Kamran Rəhimov xalq təhsili nazirinin birinci müavini təyin olunur.

O, Milli Məclisin üzvü kimi Azərbaycan nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə səfərlərdə olub. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Kamran Rəhimov 2007-ci ildə Bakıda vəfat edib…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗