Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yusif bəy Süleyman bəy oğlu Ağasıbəyli — həyatı və yaradıcılığı.
Yusif bəy Süleyman bəy oğlu Ağasıbəyli 1896-cı il dekabrın 20-də Gəncədə doğulub. İbtidai təhsilini mollaxanada alıb,ərəb və fars dillərini öyrənib. 1906–1917-ci illərdə Yelizavetpol Kişi Gimnaziyasında təhsil alıb. 1917-ci ildə Tiflis Politexnikumuna daxil olub. 1918-ci ilin may ayında İstanbula gedib.
Osmanlı hökuməti onu təhsil almaq üçün Almaniyaya göndərmək haqqında qərar verib. Lakin siyasi vəziyyət və müharibənin alovlanması bu qərarın icrasına mane olub, Yusif bəy Bakıya gəlib. 1918-ci ildən 1920-ci ilin yanvar ayınadək Bakıda fərdi müəllimlik edib və Tələbə Birliyinin sədri seçilib.
AXC Parlamenti 1919-cu il sentyabrın 1-də 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunub.
Yusif bəy Ağasıbəyli də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara uğurlar arzulayıb.
Bir neçə müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Yusif bəy Ağasıbəyli də Berlinə gedib və orada Berlin Politexnikumunda təhsil almağa başlayıb. 1925-ci ildə təhsilini Drezdendə davam etdirib. 1926-cı ildə mühəndisliyə namizəd rütbəsi alıb. 1931-ci ilə qədər Drezdendə yaşayıb. 1931-ci ildə təhsilini başa vurub və diplomunu alaraq Berlinə köçüb. 1931-ci ildə Azərbaycan SSR-yə gəlib.
Gəncə Yağ-Piy Kombinatında baş mexanik işləməyə başlayıb. 1937-il avqustun 1-də həbs olunub. Onu faşist təşviqatı aparmaqda, Almaniyadakı faşist rejimi tərifləməkdə və kombinatda pozuculuq işləri görməkdə ittiham ediblər.
İstintaq işi 1938-ci il aprelin 11-də bitib. 1938-ci il dekabrın 13-də keçirilən məhkəmə iclasında Yusif bəy və onunla birlikdə bu iş üzrə ittiham olunanlar ilkin istintaqda işgəncə altında verdikləri ifadələrdən imtina ediblər. Buna görə də Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı işi yenidən istintaqa qaytarıb. Bundan sonra onlara qarşı irəli sürülən ittihamlar sübut olunmadığı üçün onların üzərindən götürülüb.
Lakin, 1939-cu il iyunun 22-də əlavə heç bir istintaq işi aparılmadan Hərbi Tribunalın göstərişi ilə istintaq bitib və baxılması üçün SSRİ XDİK Özəl Müşavirəsinə baxılmağa göndərilib. Nəticədə Yusif bəy Ağasıbəylini əks-inqilabi-millətçi təşkilata üzv olmaqda və Sovet hakimiyyətini devirmək məqsədilə silahlı üsyan hazırlanmasından xəbərdar olmaqda ittiham edərək 1937-ci ildən hesablanmaqla 3 illiyə islah-əmək düşərgəsinə məhkum ediblər. 1940-cı ildə həbsdən azad olunduqdan sonra Gəncəyə qayıdıb və İstilik mərkəzində baş mühəndis kimi işləməyə başlayıb. İkinci Dünya müharibəsi başladıqdan sonra Yusif bəy həm Almaniyada təhsil aldığı üçün həm də həyat yoldaşı alman olduğu üçün təqiblərə məruz qalıb. 1942-ci ildə ailəsi ilə birlikdə Qazaxıstana, 1944-cü ildə Daşkənd şəhərinə sürgün olunublar.
Yusif bəy burada Orta Asiya enerji sistemində işləməyə başlayıb. Elə həmin il Tacikistan SSR-in Leninabad şəhərinə sürgün olunublar. Burada elektrik sistemində baş mexanik, daha sonra isə Leninabad İpək Kombinatında baş mexanik vəzifəsində işləyib. 1953-cü ildə yenidən Özbəkistan SSR-yə sürgün olunub.
Bu dəfə isə 1954-cü ilə qədər Namanqan şəhərində İstilik mərkəzinin baş mexaniki işləyib. 1954–1957-ci illərdə Namanqanda rezin məhsulları zavodunun müdiri olub. 1956-cı ildə bəraət alıb. 1959–1960-cı illərdə yenidən Leninabad İpək Kombinatında işləyib. 1960-cı ildə Gəncəyə geri qayıdıb. Əvvəlcə alüminium zavodunda, daha sonra isə İstilik mərkəzində mühəndis işləyib. 1980-ci il mayın 25-də Gəncədə vəfat edib və elə orada da dəfn olunub…
ALLAH RƏHMƏT ELƏSİN!
