Gümrah Kərim oğlu Rəhimov — həyatı və yaradıcılığı

Şrift
Gümrah Kərim oğlu Rəhimov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Gümrah Kərim oğlu Rəhimov — həyatı və yaradıcılığı.

Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin dekabrında Borçalının Sarvan kəndində doğulub. O, 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə gedir, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçir, 1963-64-cü tədris ilində həmin məktəbi bitirir. Uşaqlıqdan yaxşı səsi olan Gümrah hind və türk mahnılarını oxumağı çox sevir.

Böyük qardaşlarının məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir. İnstitutu müvəffəqiyyətlə qurtarıb, təyinatla Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şöbəsinə işə götürülür. İşlədiyi az müddət ərzində 44 filmdə böyük və kiçik, yaddaqalan rollar oynayır.

Gümrah Rəhimov "Qaçaq Nəbi" filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. O, "Bəyin oğurlanması" filmindəki "Brodyaqa" obrazı ilə tamaşaçılar tərəfindən çox sevilib. Gümrah Rəhimov istər kinoda, istərsə də teatrda bir çox unudulmaz rollar ilə fərqlənib.

O, "Bəyin oğurlanması" , "Dədə Qorqud" , "Qaçaq Nəbi" , "Qərib Cinlər diyarında" , "Tütək səsi" , "Babək" , "Nəsimi" filmlərində oynayıb. Rejissor və aktyor Əbdül Mahmudov Gümrah Rəhimovla bağlı xatirələrində deyir: Rejissoru olduğum bütün filmlərdə Gümrah rol alıb. Kinostudiyada ona Gümrah deyən az adam tapılardı.

Hamı ona "ölüm" deyərdi, çünki qəribə bir şirinliyi vardı. Bir dəfə Kəlbəcərdə çəkilişdə idik. Elə oldu ki, Gümrah Gürcüstana-doğulduğu bölgəyə getməli oldu.

Biz də ona tapşırdıq ki, qayıdanda əliboş gəlmə, bizə siqaret gətir. Onda Gümrah çəkiliş vaxtı məşhur aktyor Şahmar Ələkbərovla bir otaqda qalırdı. Gürcüstandan qayıdanda Şahmara, mənə, bir də Rasim Balayevə bir blok siqaret hədiyyə elədi.

Bizə düşən payı çəkdik qurtardıq, gördük ki, Gümrah hər gün bir dənə siqaret çəkir. Rasimlə Şahmar bir gün bunu izləyib, siqaretin yerini tapdılar. Heç Gümraha demədən, hər gün bir qutu siqaret götürüb çəkirlərmiş.

Gümrah da siqaretin əskildiyini görüb heç kimə bildirə bilmirmiş. Çünki hamıya demişdi ki, gətirdiyi bütün siqaretləri paylayıb. Bir gün istirahət vaxtı Şahmarla Rasim siqaret çəkəndə Gümrah dözməyib dedi ki, "ayə, ölüm, mən siqareti gizlətmişəm ki, arada özüm çəkim.

Utandığımdan söz də deyə bilmirəm, siz axı bütün bloku çəkib qurtardınız". Gümrah Rəhimov fəxri ad almayıb. Deyirmiş ki, "heç kimin qapısını döyüb ağız aça bilmərəm ki, mənə ad versin.

Çünki birdən müraciət edərəm, mənə ad verməzlər, bu da məni çox utandırar". Onun ortancıl övladı Günay Rəhimova müsahibələrinin birində deyir: "Bir dəfə həyətdə uşaqlarla oturmuşdum. Atam da bizi müşahidə edirmiş, görüb ki, yanımdakı uşağın ayaqqabısına maraqla baxıram.

Axşam evdə olanda məndən soruşdu ki, "yaman maraqla baxırdın qızın ayaqqabılarına, nə olub belə?". Dedim ki, "heç, çox xoşum gəldi, ona görə baxırdım". Səhəri gün gördüm ki, mənə həmin ayaqqabıdan alıb gətirib".

Gümrahın evlənmək yaşı çatanda, ona qız bəyəndirmək müşkülə çevrilir. Ailəsi ona çox qız göstərib ki, bəlkə birini bəyənib evlənə. Ancaq o, evlənəcəyi qadını özü seçmək istəyir.

Sonradan o, qonşuluqda qalan Nuriyyə adlı xanımla ailə qurur. İki qızdan sonra oğlu Kərim dünyaya gələndə çox sevinir. Qızı Günayın aktrisalıq qabiliyyəti olsa da, ona kinolara çəkilməyə icazə vermir.

Təzyiqi yüksək olduğuna görə həmişə üstündə dəmir əşya gəzdirib. Bir gün halı lap pisləşir, xanımı da evdə olmur. Övladları təcili yardıma zəng vursalar da, artıq gec olur.

Aktyorun damarı partlayır, beyninə qan sızır. O hadisədən sonra onu müayinə və müalicəsi üçün bir çox həkimlərin yanına aparırlar. Gümrah Rəhimov dünyasını dəyişəndə, xanımı yas yerində olur.

Yoldaşı evdən çıxmazdan əvvəl Gümrah ona deyir ki, bəlkə getməyəsən, "nəsə bir təhərəm, danışanda əziyyət çəkirəm". Xanımı isə zarafata salıb deyir, heç nə olmaz sənə. Həmin söhbətin üstündən bir saat keçmir ki, o, mətbəxə su içməyə gedəndə, yıxılır və 1994-cü il martın 24-də dünyasını dəyişir.

Aktyor Fəxri Xiyabanda dəfn olunub…(Mənbə:kulis. az)

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗