Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tofiq Əliheydər oğlu Allahverdiyev 18 fevral 1917-ci ildə Bakı şəhərində həkim ailəsində….
Tofiq Əliheydər oğlu Allahverdiyev 18 fevral 1917-ci ildə Bakı şəhərində həkim ailəsində doğulub. 1930-cu ildə yeddillik məktəbi başa vuraraq Xəzər gəmiçiliyi fabrik-zavod şagirdliyi məktəbində çilingərlik üzrə təhsil alıb. 1934-cü ildə "Paris kommunası" adına zavodun komsomol təşkilatında çalışıb. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsinə daxil olub, institutun komsomol komitəsinin katibi seçilib. Sonra Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin Məktəbli gənclər şöbəsinin müdiri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Kadr və təşkilat-təlimat şöbəsinin müdiri olub. 1940-cı ildə Azərbaycan LKGİ Bakı Komitəsinin katibi seçilib və 1942-ci ilədək bu vəzifədə çalışıb. 1942-ci ilin yanvar ayından Fəhlə-Kəndli Qırmızı Ordusunda xidmət edib.
Böyük Vətən müharibəsinin iştirakçısı kimi Şərq cəbhəsində atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçib. Mayor rütbəsi alıb. Yaralandıqdan sonra ordudan tərxis edilib, yenidən komsomol işinə qayıdıb. 1944-cü ilədək Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi olub.
1944-cü ilin fevral ayından SSRİ Xalq Müdafiə Komissarlığı Kəşfiyyat İdarəsinin Akademiyasında bir il təhsil alıb, 1945–1947-ci illərdə İranda, SSRİ konsulluğunda katib işləyib. 1947-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdirinin müavini, 1947–1948-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb. 1948-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri olub. 1950-ci ilin may ayından 1952-ci ilin aprel ayınadək Tofiq Allahverdiyev Azərbaycan KP MK katibi, sonra isə Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi vəzifələrində çalışıb. Daha sonra "Gürganneft" tresti rəisinin müavini işləyib, 1953–1955-ci illərdə SSRİ Neft Sənayesi Akademiyasının dinləyicisi olub. 1955–1961-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1961–1966-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dosent işləyib. 1966-cı ildən 1982-ci ildə təqaüdə çıxanadək Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olub.
Tofiq Allahverdiyev 1939-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul edilib, 1956 və 1959-cu illərdə Sov. İKP XX və XXI qurultaylarının nümayəndəsi olub. 1956–1961-ci illərdə Azərbaycan KP MK üzvü və büro üzvü, 1971-ci ildən isə Mərkəzi Komitə üzvlüyünə namizəd olub. SSRİ Ali Sovetinin (3-cü və 5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (3-cü və 7–10-cu çağırışlar) deputatı seçilib.
"Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilib. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olub. Tofiq Allahverdiyev uzun sürən xəstəlikdən sonra 9 iyun 1987-ci ildə Bakıda vəfat edib…
RUHU ŞAD OLSUN!
