Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fuad Ənvər oğlu Musayev — həyatı və yaradıcılığı.
Fuad Ənvər oğlu Musayev 1938-ci il yanvarın 11-də Bakı şəhərində doğulub. Atası-Musayev Ənvər Yusif oğlu əslən Şuşa şəhərindən, anası-Əliyeva Elmira Cahangir qızı Gəncə şəhərindəndir. 1957-ci ildə Bakı şəhəri 6 saylı ümumtəhsil orta məktəbini, 1963-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini inşaatçı-mühəndis ixtisası üzrə bitirib.
Sonrakı illərdə Moskvada İctimai Elmlər Akademiyasını və SSRİ Xalq Təsərrüfatı Akademiyasını bitirib. 1973-cü ilə qədər Bakıda 1 saylı Ev Tikintisi Kombinatının sıravi ustasından direktor müavininə qədər tikinti sahələrində çalışıb, Bakı şəhərində 8-ci Kilometr, Əhmədli, Bakıxanov, Günəşli, Xırdalan qəsəbələrində və 6, 7, 8 və 9-cu mikrorayonlarda yeni yaşayış massivlərinin salınmasında, eləcə də 1, 2 və 3 saylı ETK-nin yenidən qurulmasında iştirak edib. Fuad Musayev 1952-ci ildə "Spartak" və "Medik" gənclərdən ibarət futbol və voleybol komandalarının üzvü, 1955-ci ildən Azərbaycan gənclərdən ibarət futbol və voleybol yığmalarının üzvü, Zaqafqaziya respublikalarının gənclərdən ibarət komandaları və Rusiya çempionu arasında ənənəvi voleybol turnirinin qalibi, "Spartak" Cəmiyyəti Mərkəzi Şurasının böyüklər komandaları arasında Ümumittifaq yarışlarının iştirakçısı olub.
1956-cı ildə gənclər komandaları arasında voleybol üzrə Azərbaycan çempionu; gənclər komandaları arasında voleybol üzrə SSRİ çempionu, gənclər komandaları arasında beynəlxalq turnirin qalibi olub. Fuad Musayev 1957–1962-ci illərdə Politexnik İnstitutunun və "Burevestnik" komandalarının tərkibində futbol və voleybol üzrə Azərbaycan çempionatlarının qalibi və mükafatçısı, universitetlər arasında futbol üzrə SSRİ çempionatının iştirakçısı, 1962–1965-ci illərdə futbol üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi, "Dinamo Bakı" komandasının tərkibində "B" dərəcəli ustalar arasında SSRİ çempionatının iştirakçısı, "Dinamo Bakı" komandasının rəisi olub. 1962-ci ildən "Neftçi" ustalardan ibarət ehtiyat komandasının oyunçusu kimi fəaliyyət göstərib.
1969-cu ildə Çerkassıda keçirilən Voleybol üzrə "Məhsul" Cəmiyyəti Mərkəzi Şurasının SSRİ çempionatının bürünc mükafatçısı, 1971-ci ildə isə Viljandidə keçiriləN Voleybol üzrə "Məhsul" Cəmiyyəti Mərkəzi Şurasının spartakiadasının final yarışlarının iştirakçısı olub. Fuad Musayev 1973-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işə qəbul olunub. O, 1975–1977-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin müavini, 1977–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin tikinti kompleksinin işinə cavabdeh olan birinci müavini, 1981–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və tikinti və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib.
1983–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin deputatı olub. 1989–1990-cı illərdə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Komitəsinin sədri, 1990–1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, IX, X, XI və XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub 1992–2003-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birinci prezidenti olmuşdur. O, həmçinin, İngiltərə, Hollandiya və Belçikada Avropa Çempionatlarının təşkili və keçirilməsi üzrə UEFA Komitəsinin və UEFA-nın Şərqi Avropa Ölkələrinə Yardım Komitəsinin də üzvü idi. İki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib(1980, 1986).
16 İyun 2017-ci ildə Moskvada böyrək çatışmamazlığı səbəbindən vəfat edib. Bakıda, Yasamal qəbiristanlığında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
