Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev — həyatı və yaradıcılığı.
Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev 1846-cı ildə Yelizavetpolda (Gəncədə) doğulub. İlk təhsilini Gəncədə Şah Abbas məscidində yerləşən mədrəsədə alıb. Ərəb, fars və rus dillərini öyrənib.
Sonradan tacir və sənayeçi olub. Xalça toxuculuğu və satışı sahəsində tanınıb. Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub.
Rəssamlıq qabiliyyəti olduğu üçün çəkdiyi milli naxışlarla da xalçalar toxutdurub. 1900-cü ildə Parisdə keçirilən Beynəxalq Sərgidə çəkdiyi naxışlar əsasında toxunmuş gəbələrə görə sərginin “Grand Prix” yüksək mükafatı və medalı ilə təltif olunub. Hacı Məmmədhüseyn Rəfiyev Nizaminin qəbirüstü məqbərəsinin bərpasının təşəbbüskarlarından biri olub və onun maliyyələşdirilməsində iştirak edib. 1902-ci ildə Gəncədə Azərbaycan məktəbinin açılmasında rolu olub.
Ədəbiyyatşünas və tənqidçi Abdulla Surun İstanbulda ali təhsil almasını maliyyələşdirib. Maarifçilik fəaliyyətinə görə rus çarı tərəfindən “Çalışqanlığa görə” (“За усердие”) medalı ilə təltif edilib. Gəncə general-qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Hacı Məmmədhüseyn Rəfiyev və onun oğulları Məşədi Əli və Abbas Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü kimi təsdiq ediliblər.
Hacı Məmmədhüseyn və oğlu Məşədi Əli 1909–1913-cü illərdə Gəncə Şəhər Dumasının qlasnısı kimi fəaliyyət göstəriblər. 1906-cı ildə yaradılan "Difai" Partiyasının Gəncə təşkilatının fəal üzvlərindən biri olub. 1918-ci il yanvarın 7-də ruslara qarşı baş vermiş Şamxor hadisəsində şəhid olan azərbaycanlıların Gəncədə dəfn mərasiminin təşkilatçıları Hacı Məmmədhüseyn Rəfiyev və Həsən bəy Ağayev olub.
1920-ci ildə Gəncə şəhərində vəfat edib. Hacı Məmmədhüseyn Rəfiyev 3 dəfə ailə qurub. Bu evliliklərdən 6 oğlu və 5 qızı olub.
Məmmədhüseyn bəy ilk dəfə Xəlil bəy Xasməmmədovun bacısı Xeyrənsə xanım ilə ailə qurub. Bu evlilikdən Məşədi Əli, Musa, Abbas, Muxtar və Bilqeyis xanım dünyaya gəlib. Xeyrənsə xanım 1896-cı ildə vəfat etdikdən sonra Məmmədhüseyn bəy 1899-cu ildə Abuzər bəy İrzayevin bacısı Sitarə xanımla ailə qurub.
Bu evlilikdən Xanım, Həmidə, Yusuf, Mirzə, Şəfiqə adlı övladları dünyaya gəlib. 1910-cu ildə Sitarə xanım dünyasını dəyişdikdən sonra Məmmədhüseyn bəy 1912-ci ildə Böyükxanım Hacıyeva ilə ailə qurub. Bu evlilikdən Fəridə adlı qızları dünyaya gəlib. Oğlu Abbas Rəfiyev sənayeçi və tacir olub.
İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra Gəncə Kişi Gimnaziyasını bitirib. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub.
Xalçaçılıq üzrə ixtisaslaşıb. 1920-ci ildə Azərbaycanda sovet işğalına qarşı baş verən Gəncə üsyanında iştirak etdiyinə görə güllələnib. Oğlu Məşədi Əli Rəfiyev Gəncə Şəhər Dumasının qlasnısı, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, "Müsavat" Partiyasının üzvü, Gəncə Dövlət Bankının sədri, Müsavat Partiyasının Gəncə təşkilatının sədri olub.
Gəncə üsyanınında iştirak edib. Üsyan məğlub olduqdan mühacirət edib və Müsavat Partiyasının xarici bürosunun üzvü olub. Oğlu Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub.
Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb. Azərbaycan Cümhuriyyəti Parlamentinə "Müsavat" Partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib. Gəncə üsyanınında iştirak edib.
Üsyan məğlub olduqdan sonra əvvəlcə İstanbula daha sonra isə Təbrizə mühacirət edib… ALLAH RƏHMƏT ELƏSİN!
