Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ələkbər bəy Hacıbaba bəy oğlu Xasməmmədov 3 mart 1870-ci ildə Gəncədə doğulub..
Ələkbər bəy Hacıbaba bəy oğlu Xasməmmədov 3 mart 1870-ci ildə Gəncədə doğulub. Moskvada hüquq təhsili alıb. Gəncə şəhər Dumasının, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və təftiş komissiyasının üzvü olub.
1905-ci ilin yayında Qafqazda yerli idarəetmə orqanlarının təşkili ilə bağlı yaradılan 3 nəfərdən ibarət heyətin (Əlimərdan bəy Topçubaşov və Adil xan Ziyadxanovla birlikdə) üzvü seçilib. Bu heyət Gəncə bələdiyyə seçkilərinin nəticələrini təsdiq etdirməli, müsəlmanların yerli idarə orqanlarına seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün Rusiyanın müvafiq orqanları qarşısında məsələ qaldırmalı idi. Ələkbər bəy 1905-ci ildə Gəncədə yaradılmış "Qeyrət" partiyasının qurucularından biri olub.
1906-cı il fevralın 20-də Azərbaycanlı və erməni nümayəndələrinin Tiflisdə keçirilən "barışdırıcı qurultayında" Gəncə qəzasını Adil xan Ziyadxanla birgə Ələkbər bəy Xasməmmədov da təmsil edib. O, 1906-cı ildə qurulmuş "Difai" Partiyasının Mərkəzi Komitəsinin üzvü olub. Fevral inqilabından sonra Gəncədə qurulmuş Müsəlman Milli Komitəsinin 14 üzvündən biri olub.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra, 1918-ci il iyulun 15-də Mart soyqırımını araşdırmaq üçün hökumətin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin olunub. Onun rəhbərliyi ilə, 1919-cu ilin noyabrın 1-nə qədər Azərbaycan Xalq Cümhuriyyəti ərazisində türk-müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri soyqırımlar haqqında ümumilikdə 36 cilddən-3500 vərəqdən ibarət istintaq materialları toplanıb. 1919-cu ildə vəkil Ələkbər bəy Xasməmmədov Azərbaycan Məhkəmə Palatasının böyük sədri təyin edilib. Zəngəzur qəzasından parlament üzvlüyünə seçilib və sənədləri etibarnamə komissiyasına təqdim olunub.
Lakin, daha sonra İstintaq məhkəməsinin sədri təyin olunduğu üçün parlamentin 1919-cu il martın 10-da keçirilən 21-ci iclasında dövlət qulluğuna qəbul olunması səbəbi ilə martın əvvəlindən üzvlükdən xaric olunduğu elan olunub. Aprel işğalından sonra, 28 iyun 1925-ci ildə Bakıda həbs olunaraq güllələnib… RUHU ŞAD OLSUN!
