Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bağır bəy Rzayev — həyatı və yaradıcılığı.
Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində doğulub. 1903–1912-ci illərdə İrəvan gimnaziyasında oxuyub. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Aprel işğalından sonra mühacirət həyatı yaşayıb, daha sonra Azərbaycana qayıdıb. 1927-ci ildə siyasi təzyiqlərə dözməyərək özünü öldürüb.
Qeyd edək ki, Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmişdi, müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olub. 27 may 1918-ci ildə Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilib. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi.
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: "Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar—mən və Seyidov gedəcəyik. Sizdən bir xahiş edirik: Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi—Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın".
Bağır bəy Rzayev 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunub. Parlamentin 15 dekabr 1918 tarixli sayca 2-ci iclasında üzvlüyü səsə qoyularaq təsdiqlənib. O, parlamentdə Sosialistlər fraksiyasını təmsil edib.
28 yanvar 1919-cu ildə Bağır bəy Rzayev parlamentdən xaric edilir və əvəzinə İbrahim Əbilov üzv seçilir. Bağır bəy Rzayev 15 may 1919-cu ildə üzvlükdən çıxan Məhəmməd Məhərrəmovun əvəzinə Sosialistlər fraksiyası tərəfindən parlament üzvlüyünə namizəd göstərilərək üzv seçilir. Bağır bəy Parlamentin 17 iyul 1919 tarixli iclasında isə Zəngəzur qəzasında və İrəvan quberniyasında qaçqınların vəziyyəti ilə bağlı belə fikir bildirmişdir: "Bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı.
Şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər". Parlamentin 19 yanvar 1920 tarixli sayca yüz on doqquzuncu iclasında baş katibliyə seçkilər keçirilmiş və tək namizəd olaraq baş katib Sosialistlər fraksiyasının namizədi Bağır Rzayev seçilmişdi. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında isə Bağır Rzayev baş katib postundan istefa verir.
Məmmədhəsən Hacınski rəhbərliyində qurulması planlaşdırılan 6-cı hökumətdə sosialistlər daxili, xarici işlər və hərbi nazirlik postlarına Cəmo bəy Hacınski, Aslan bəy Səfikürdski və Bağır bəy Rzayevi irəli sürmüş, lakin hökumət qurula bilməmişdi. O, həmçinin 3 noyabr 1918-ci ildə qurulan Araz Türk Respublikasının Nazirlər Şurasında inzibati nazir (mülki nazir) postunu tutub. 1927-ci ildə İrəvanda intihar edib…
RUHU ŞAD OLSUN!
