Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əsl adı Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə olan və Tofiq Fikrət irsinin araşdırı….
Əsl adı Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə olan və Tofiq Fikrət irsinin araşdırıcısı və "Tatar süvari alayı"nın imamı kimi tanınan Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri arasında mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. M. Ə.
Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi. Onun yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Gəncliyində özünə Hadi (ərəbcə-doğru yol göstərən) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulub.
İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında alıb, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxuyub, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəyib. Hələ uşaq ikən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə ailə qurur, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxır. Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsinə böyük əmək sərf edib.
Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olub və ərəb dilini ondan öyrənib. Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı.
Ö. F. Nemanzadə öz xatirələrində yazır: "1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu.
Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikinci kərə olaraq zərər ilə dükanı qapamışdır" Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmayib. Kürdəmirə köçən, tacirlik bacarmayan, iki dəfə dükan açsa da, iflasa uğrayan Məhəmməd Hadi özünü xarakterinə daha yaxın sahədə sınamaq qərarına gəlir və bəzi maarifpərvərlərin köməyi ilə Kürdəmirdə yaşayan şamaxılı Ağa əfəndi ilə birlikdə məktəb açıb tədrisə başlayir.
Çox keçmir ki, Məhəmməd Hadi Kürdəmir ziyalılarının diqqətini cəlb edir, Zaqafqaziya müəllimlər qurultayına Kürdəmir müəllimləri tərəfindən nümayəndə seçilir və 1904-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya müəllimlər qurultayında iştirak edir. 1902–1906-cı illərdə Kürdəmirdə yaşadığı illərdə maddi imkanları nisbətən düzələn Məhəmməd Hadi yenə də əvvəlki qayda ilə mütaliəsini davam etdirir, Kəlküttədən "Həblül-mətin", İstanbuldan "Sabah", Bakıdan "Həyat", Bağçasaraydan "Tərcüman" qəzetlərini gətirdib oxuyurdu. 25 yaşına qədər nə bir qəsidəsi, nə də bir aşiqanə qəzəli olan şairin mətbuata gəlişi 1905-ci ilin ortalarına təsadüf edir.
Onu yaxından tanıyan, dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-Tərəqqi" qəzetini nəşr edirdi və onun Məhəmməd Hadi kimi qələm sahibinə ehtiyacı var idi. Onun çağırışına görə Məhəmməd Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Məhəmməd Hadi "Həyat", "Füyuzat" və "Bürhani-Tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı.
1906-cı ildə o, Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlir, "Füyuzat" məcmuəsində çalışır, "Füyuzat" bağlandıqdan sonra, "Təzə həyat" və "İttifaq" qəzetlərində işləyir. M Hadi 1920-ci ilin mayında, 41 yaşında Gəncədə vəfat edib və Səbiskar qəbristanlığında dəfn olunub… RUHU ŞAD OLSUN!
